XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 21:18

“Manatın ucuzlaşması davam edəcək”

Əli Məsimli

Əli Məsimli: “Üzən məzənnə”yə keçmişik deyirik, amma növbəti günün məzənnəsini müəyyənləşdiririk

“Neftin qiyməti 60-70 dollar olsa, manata müsbət təsir göstərəcək. Neftin qiyməti 40 dollardan aşağı düşəndə isə yenə də manatın uzuclaşması gedəcək. Hətta neftin qiyməti 40 dollar qaldığı halda da manatın ucuzlaşması davam edəcək”.

Strateq.az xəbər verir ki, bu açıqlamanı Bizimyol.info-ya müsahibəsində Milli Məclisin deputatı Əli Məsimli deyib. O qeyd edib ki, ötən il dekabr ayının 21-də manatın 48 faiz devalvasiyaya uğraması ilə paralel olaraq Mərkəzi Bank elan etdi ki, "üzən məzənnə"yə keçdiyi barədə bəyanat versə də, hələlik beynəlxalq təcrübədən bildiyimiz "üzən məzənnə" rejiminə tam keçid təmin edilməyib. “Təbii ki, "üzən məzənnə"yə keçmək yaxşıdır. Amma bu keçid bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanır. Yəni bazarda valyutaya olan tələb-təklif əsasında proses gedir və buna əsasən milli valyutanın – manatın məzənnəsi formalaşır. Baxmayaraq ki, biz "üzən məzənnə"yə keçmişik, amma azı bir gün, bayram və qeyri-iş günlərində isə bir neçə gün əvvəl növbəti günün məzənnəsi elan edilir. Deməli, bir tərəfdən "üzən məzənnə" deyirik, o biri tərəfdən isə məzənnə müəyyənləşdiririk. Ona görə də hələlik Azərbaycan manatının beynəlxalq təcrübədən bildiyimiz "üzən məzənnə" rejiminə tam keçməsi barədə düşünə bilmərik.  Çünki bunun arxasında həm neftdən kənar məhsul, həm də həmin məhsullar xaricə satılan zaman gələn 10 milyard dollarlarla ölçülən valyuta durmalıdır. Hələlik bu yoxdursa, ABŞ-ın  Federal Ehtiyatlar Sisteminin (FES) stavkalarındakı dəyişikliklər birbaşa olmasa da, dolayı yollarla təsir edəcək. Neftin qiyməti 50 dollar olanda elə bir ciddi təsir göstərməyəcək, amma 60-70 dollar olsa, manata müsbət təsir göstərəcək. Neftin qiyməti 40 dollardan aşağı düşəndə isə yenə də manatın uzuclaşması gedəcək. Hətta neftin qiyməti 40 dollar qaldığı halda da manatın ucuzlaşması davam edəcək. Amma ziqzaqlar olacaq. Tutaq ki, bir həftə dollara nisbətdə 1-2 qəpik manatın xeyrinə möhkəmlənmə olacaq, o biri həftə əksinə, dollar bahalaşacaq. Amma ümumi proses manatın ucuzlaşması istiqamətində gedəcək” – deyə deputat bildirib.

 

Aruz