XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 22:29

“JPMorgan”:qlobal xammal bazarında yeni “supertsikl” başlayıb

Qlobal xammal bazarında qiymətlərin uzun müddət qalxmasını nəzərdə tutan yeni “supertsikl” başlayıb.

Bu barədə “finmarket” “JPMorgan”ın analitiki Marko Kolanoviçin fikrinə istinadən məlumat verib.

Xammal, o cümlədən neft qiymətlərindəki artım başlayıb və COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, habelə ultrayumşaq pul-kredit və vergi-büdcə siyasətləri, zəif ABŞ dolları, inflyasiyanın sürətlənməsi və ekoloji məsələlərin tələb-təklifə təsiri ilə artım davam edəcək.

“Uzun müddət qiymət artımını nəzərdə tutan bu “supertsikl” son əsrdə beşinci belə hal olacaq. Bundan əvvəl sonuncu dəfə belə hal 1996-2008-ci illərdə müşahidə olunub”, – “MarketWatch” xatırladır.

London Metal Birjasında kobaltın qiyməti elektromobil istehsalçıları tərəfdən tələbatın artması fonunda son iki ilin maksimumuna – 45,7 min dollar/tona çatıb.

“Morgan Stanley”nin analitikləri qlobal elektromobil satışlarının 2021-ci ildə 50 % və ya daha çox, daxili yanma mühərrikli avtomobillərin satışlarının isə 2-5 % artacağını proqnozlaşdırır.

“JPMorgan” mütəxəssisləri həmçinin bərpa olunan enerji üçün infrastrukturun qurulmasının zəruriliyinin və əhalinin kütləvi şəkildə elektromobillərə keçidi zamanı akkumlyatora ehtiyacın çoxalacağının metallara olan tələbatı artıracağını qeyd edirlər.

Çərşənbə günü baş tutan sövdələşmələrdə misin qiyməti 2012-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb, platinin qiyməti isə son 6 ildə maksimuma çatıb.

Neft qiymətləri ardıcıl 9 sessiyada artım göstərib və bu, 2019-cu ilin əvvəlindən bəri ən uzun seriyadır. Neft qiymətləri keçən ilin aprel ayında qeydə alınan minimum səviyyəyədən artıq üç dəfədən çox artıb və hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 60 ABŞ dollarından çoxdur.

Qeyd edək ki, fevralın 12-də “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 60,70 ABŞ dolları təşkil edib. WTI markalı neftin mart fyuçersləri isə 57,78 dollar/barel səviyyəsində satılıb. (report)