Səudiyyə Ərəbistanının təklifi ilə qlobal enerji liderləri Beynəlxalq Enerji Forumu (IEF) çərçivəsində keçirilən virtual sessiyada neft bazarındakı son vəziyyəti müzakirə ediblər.
Səudiyyə Ərəbistanının enerji naziri, şahzadə Əbdüləziz bin Salmanın sədrlik etdiyi sessiyada 2021-ci ilin sonunadək “OPEC+” çərçivəsində hasilatın və qiymətlərin tənzimlənməsi ətrafında fikir mübadiləsi aparılıb.
Sessiyada çıxış edən səudiyyəli nazir qlobal neft bazarında sabitliyə zərbə vuran möhtəkirlərə xəbərdarlıq edib. Ötən il xam neftin qiymətlərində dramatik vəziyyəti xatırladan Əbdüləziz bin Salman qeyd edib ki, qlobal neft bazarında boşluqlardan istifadə edən möhtəkirlərin qarşısını almaq üçün “OPEC+” çərçivəsində nəzarət mexanizmi gücləndirilməlidir. O əlavə edib ki, bütün bu məsələlər alyansın gələn ay keçiriləcək toplantısında geniş müzakirə olunacaq. Nazir vurğulayıb ki, bu gün neftin qiymətləri sabit olsa da, hasilatçı ölkələr tələbat və pandemiyanın vəziyyəti ilə bağlı hər cür sürprizlərə hazır olmalıdır.
Hindistanın enerji naziri Dharmendra Pradhan cari ildə ölkəsində iqtisadiyyatda ikiqat artımın olacağını və neft tələbatının yüksələcəyini diqqətə çatdırıb. Lakin o, xam neftin qiymətlərinin sürətlə artmasını da qlobal iqtisadiyyatın dirçəlməsində təhlükə adlandırıb.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol hazırda neftə tələbatın sürətlə artdığını və bu tempin “OPEC+” alyansı tərəfindən nəzarətdə saxlanılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərən amillərdən biri də qiymətlərin kəskin artması və azalmasıdır. Hasilatçı ölkələr qlobal bazarda sabitliyi təmin etmək üçün sıx koordinasiya şəraitində fəaliyyət göstərməlidir.
OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib ki, qlobal neft bazarında tələbatın artması ilə yanaşı, qeyri-müəyyənlik davam edir. O bildirib ki, rəhbərlik etdiyi kartel tələb və tədarükün tənzimlənməsini həyata keçirəcək və bu məsələdə nikbindir. Ümumilikdə 1,7 trilyon barrel ehtiyatı olan neft yataqlarının hələ açılmadığını da diqqətə çatdıran baş katib vurğulayıb ki, neft sektorunda sərmayələrin həcmi artırılmalıdır(azərtac).