XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2021 - 00:27

Enerji şirkətlərinin rəhbərləri:"Neftə tələbat artacaq"

“IHS Markit” şirkətinin Huystonda keçirilən illik “CERAWeek” enerji konfransında çıxış edən beynəlxalq ekspertlər yaxın aylarda neftə olan tələbatın artacağını bildiriblər.

Enerji şirkətlərinin arqumentləri “Əl Ərəbiyə” telekanalının icmalında yayılıb. Beynəlxalq ekspertlər qeyd ediblər ki, bərpaolunan enerji mənbələri ilə yanaşı, karbohidrogen ehtiyatları da dünyanın enerji tələbatının əsasını təşkil edəcək.

“Baker Hughes” neft xidmətləri şirkətinin icraçı direktoru Lorenzo Simonelli bildirib ki, 2020-ci ildə pandemiya səbəbindən sərmayələrdən məhrum olan neft sənayesi tezliklə dirçəliş dövrünə qədəm qoyacaq. Onun sözlərinə görə, karbohidrogen hələ uzun müddət dünyanın əsas enerji təchizatı olacaq. Təbii olaraq, qarşıdakı illərdə xam neftin qiymətlərində də artım müşahidə ediləcək.

“Hess Corp” şirkətinin icraçı direktoru Con Hess isə qeyd edib ki, ölkələrin Paris iqlim sazişinə uyğunlaşması şəraitində də yaxın 10 ildə neftə olan tələbat artmaqda davam edəcək. O əlavə edib ki, bərpaolunan enerji mənbələri dünyanın enerji tələbatını ödəmək gücündə deyil və qiymətlərin qaldığı hazırkı şəraitdə neft-qaz sənayesinə sərmayələrin həcmi artırılmalıdır.

“Tudor, Pickering, Holt & Co” investisiya bankının icraçı direktoru Maynard Holt da qlobal bazarda qiymətlərin artdığı bir şəraitdə neft sənayesinə qoyulacaq sərmayələrin çoxalacağı qənaətindədir. O, bu yaxınlarda ABŞ-da tələbatın kəskin artacağını və postpandemiya dövründə bunun pik həddə çatacağını proqnozlaşdırır.

Aviasiya sənayesinin də tezliklə dirçəliş və inkişaf mərhələsinə qədəm qoyacağını bildirən “United Airlines” aviaşirkətinin icraçı direktoru Skott Kirbi isə hesab edir ki, dünyada tezliklə turizm sənayesinin yeni inkişaf mərhələsi başlayacaq, bunun fonunda isə aviasiya yanacağına olan tələbat da kəskin artacaq. O əlavə edib ki, bu sahədə bərpaolunan enerji mənbələrindən istifadə üçün isə hələ uzun illər lazımdır.

“Royal Dutch Shell” enerji şirkətinin icraçı direktoru Van Börden hesab edir ki, cari ilin ikinci yarısında neftə tələbat normal səviyyəsinə çatacaq. O əlavə edib ki, hələ 2050-ci ilədək bu əsas yanacaq növünə olan tələbat yüksək olacaq, eyni zamanda, plastik polimerlər, elektrik avtomobilləri və müasir texnologiyanın son nailiyyətlərini istehsal etmək üçün də neftə ehtiyac var(azərtac).