XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 07:30

«Türk axını»nın şansı azaldıqca «Transxəzər»ə Rusiyanın təzyiqi artacaq

«Rusiyanın təzyiqi hər zaman olub və olacaq»

Afina «Türk axını» qaz kəmərinin tikintisinə Moskvanın maliyyəsini cəlb edə bilməyəcək. Bu barədə Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bildirib. Onun sözlərinə görə, Yunanıstanın ən böyük kreditoru kimi Avropa Birliyi yeni kreditlərin cəlb olunmasına məhdudiyyətlər qoyur.

Rusiyalı məmur bildirib ki, Avropa Birliyi adətən bu cür layihələrdə özündən başqa heç kimdən pul götürməməyi məsləhət görür.

«Türk axını» boru kəmərinin Yunanıstan hissəsinin maliyyələşdirilməsinə Moskvanın pul ayıra bilməsi, Avropa Birliyinin isə layihəyə qarşı olması səbəbi ilə Afinaya pul verməkdə həvəsli olmaması layihənin perspektivini şübhə altına qoyur. Yunanıstanın özündə isə boru kəmərinin Yunanıstan hissəsini çəkməyə pul yoxdur. Mayın 24-də Yunanıstanın daxili işlər naziri Nikos Vusis bildirib ki, ölkə Beynəlxalq Valyuta Fondunun kreditini ödəmək iqtidarında deyil. «İyunda Beynəlxalq Valyuta Fonduna tranş 1,6 milyard avro təşkil etməlidir. Amma bu, mümkün olmayacaq, çünki bunun üçün pul yoxdur», – o deyib.

Hazırda Yunanıstanın kreditorlar qarşısında borcunun ümumi məbləği 300 milyard avrodan çoxdur.

Rusiya prezidenti Vladimir Putinin ötən il dekabrın 1-də Türkiyəyə səfəri zamanı elan edilən «Türk axını» boru kəməri layihəsinə Vaşinqton da qarşıdır. Vaşinqton mayın əvvəlində Afinaya məsləhət görüb ki, Rusiya təbii qazının Qara dənizin dibindən keçməklə Türkiyə və Yunanıstan üzərindən Cənubi Avropaya daşınmasını nəzərdə tutan «Türk axını» layihəsində iştirakdan imtina etsin.

Xatırladaq ki, Azərbaycan da öz enerji resurslarını TANAP kəməri vasitəsilə Yunanıstan sərhədinə «Türk axını» kəmərilə eyni məntəqəyə nəql etməyi planlaşdırır. Qeyd edək ki, Orta Asiya resurslarının da «Transxəzər» marşrutu üzrə Azərbaycan üzərindən Avropaya nəqli planlaşdırılır. Təbiidir ki, hazırda reallaşması şübhə altına düşən «Türk axını»ndan daha perspektivli görünən «Transxəzər» Rusiyanı qıcıqlandırmaya bilməz. Belə olan təqdirdə Rusiya «Transxəzər»ə təzyiqləri gücləndirə bilərmi?

Neft məsələləri üzrə ekspert İlham Şaban Strateq.az-a açıqlamasında bildirdi ki, Rusiya bu təzyiqləri hər zaman edib: «Ancaq bunu bir qədər örtülü reallaşdırırdı. Məsələ aktuallaşanda isə Rusiya bir qədər də aqressivləşir. «Türk axını» ilə bağlı yaşananlar Rusiyanı bir sıra geostrateji anlam daşıyan layihələri yenidən nəzərdən keçirməyə vadar edə bilər. «Transxəzər»in qarşısının alınması ilə bağlı birinci addımı Rusiya 2014-cü ilin sentyabrında Xəzərin statusu ilə bağlı olan sammitdə atıb. Tərəflərin razılaşmasına görə, dənizin səthi ilə dibinin bölünməsində fərq yaradıldı. Belə bölgü Xəzəryanı ölkələri Rusiya və İran kimi ölkələrdən asılı vəziyyətə saldı. Türkmənistanla Azərbaycan Rusiyanın razılığı olmadan sözügedən layihəni reallaşdırmaq istəsə, bu, 2001-ci ildə baş verən hadisənin təkrarlanmasına gətirə bilər. Həmin vaxt BP şirkətinə məxsus olan gəmi qazma işlərilə bağlı kəşfiyyat apararkən İranın hərbi gəmisi tərəfindən təqib edilmişdi. Belə halın yenidən təkrar olunacağı təqdirdə, Avropa Birliyi bizi xilas etmək üçün həmin akvatoriyaya hərbi gəmilərini göndərə bilməyəcək. Demək istədiyim budur ki, Rusiyanın təzyiqi hər zaman olub və olacaq».

Məhəmmədəli QƏRİBLİ