XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 16:43

SOCAR Gürcüstanda daha birlayihəni maliyyələşdirəcək

14607200385036720467_1000x669

Gürcüstanda ilk dəfə yeraltı qaz anbarı inşa olunacaq. Anbar Azərbaycan qazı hesabına doldurulacaq. Bu barədə aprelin 15-də yeraltı qaz anbarının texniki-iqtisadi göstəricilərinin layihəsinin təqdimat mərasimində məlumat verilib.

Təqdimat mərasimində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, “SOCAR Coeorgia Petroleum” şirkətinin direktoru Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” kompaniyası hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə hazırda Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.

Qeyd olunub ki, layihənin həyata keçirilməsində bir sıra şirkət, o cümlədən Azərbaycan da maraqlıdır.

“SOCAR Georgia Petroleum”un rəhbəri Mahir Məmmədov AZƏRTAC-a müsahibəsində deyib: “Biz belə bir anbarın Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunması baxımından vacib olduğunu dəfələrlə demişik. Anbarın tikintisi ilə bağlı artıq layihə hazırlanıb. Biz layihənin hazırlığı və digər məsələlərlə yaxından maraqlanmışıq, bəzi səmərəli təkliflər də vermişik. Layihələndirmə, eləcə də gələcəkdə tikinti işlərində iştirakımıza dair danışıqlar da aparmışdıq. Müəyyən razılaşmalar var və artıq bəzi sənədlər də imzalanıb”.

M.Məmmədov bildirib ki, yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək. Anbarda təqribən 250 milyon kubmetr mavi yanacaq tədarük etmək mümkün olacaq. Bu bir qədər az görünsə də, Gürcüstan üçün yetərlidir. Anbar Azərbaycandan alınacaq təbii qaz hesabına doldurulacaq.

“Layihədə nəzərdə tutulmuş işlər iki mərhələdə həyata keçiriləcək. Bunlardan birincisi tikinti–quraşdırma, digəri isə bu anbarın kommersiya idarəçiliyidir. Bunların ikisində Azərbaycan tərəfinin iştirakı nəzərdə tutulub”, – deyə, M.Məmmədov bildirib.

Kaxa Kaladze layihənin hazırlanmasını yüksək qiymətləndirib: “Bu layihə bizim üçün strateji əhəmiyyətə malikdir. Biz bu layihə üçün 50 milyon dollar nəzərdə tutmuşuq. Bir neçə şirkət, o cümlədən SOCAR bu layihənin reallaşmasında maraqlıdır. SOCAR həm maliyyələşmə, həm də tikinti işlərində iştirak etmək istəyir. Hazırda bu istiqamətdə danışıqlar gedir”(azərtac).