XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 12:15

Aqrar sektorda siyahıyaalma başladı – İyunun 30-dək proses bitəcək
Bu gündən Azərbaycanda kənd təsərrüfatının siyahıya alınmasına başlanılıb. Dövlət Statistika Komitəsinə yaydığı məlumata görə, proses iyunun 30-na qədər davam edəcək.
Siyahıyaalma həm müəssisə, həm də əhali kateqoriyası üçün nəzərdə tutulmuş 1 və 2 nömrəli sorğu vərəqələri əsasında aparılır. Sorğu vərəqələri hazırlanarkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və MDB Statistika Komitəsinin tövsiyələri, bir sıra dünya ölkələrinin bu sahədəki əməli təcrübələri və yerli xüsusiyyətlər nəzərə alınıb. Bu zaman təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə, gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaq. Hər bir təsərrüfat üzrə fərdi məlumatlar məxfi saxlanmaqla yalnız toplu, ümumiləşdirilmiş statistik məqsədlər üçün istifadə olunacaq.
ölkə üzrə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsinə 1209 nəfər təlimatçı-nəzarətçi, 11751 nəfər sayıcı olmaqla cəmi 12960 nəfər müvəqqəti işçi cəlb edilib. Yerli statistika orqanlarında siyahıyaalma materiallarının işlənməsinə 389 nəfər operatorun cəlb edilməsi nəzərdə tutulub.
Siyahıyaalmada əldə olunacaq nəticələrin aqrar sahədəki proseslərə uyğunluğunun təmin edilməsində istər müəssisə, istərsə də təsərrüfat rəhbərləri (və ya nümayəndələri) də məsuliyyət daşıyır. Belə ki, alınacaq nəticələr birbaşa onların cavabları ilə əlaqədar olduğundan onlar cavablarında səmimi olmalı, hər hansı faktı gizlətməkdən və ya şişirtməkdən çəkinməlidirlər. Reallığı əks etdirən nəticələr eyni zamanda aqrar sahənin inkişafı üzrə dövlət proqramlarının və digər müvafiq tədbirlərin keyfiyyətlə işlənib hazırlanmasına zəmin yaradacaq ki, bu da nəticə etibarı ilə həm onların mənafeyinə xidmət edəcək, həm də iqtisadiyyatın inkişafına təkan verəcək(İstiqlal.az).