“Bank Standard”ı bu günə qoymuş şəxslərin məsuliyyətə cəlb edilməsi birinci yerdə olmalıdır ki, başqalarına da dərs olsun! Çünki bu bank hələ ilk qaranquşdur. Ardı da olacaq…”
Strateq.az bildirir ki, bu sözləri bank üzrə tanınmış ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, 2 gün öncə bankların etibarlılıq reytinqini dərc edib: “Həmin təsnifatın 1-ci (yəni ən etibarsız banklar) qrupuna daxil olan Bank Standard çökdü. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri həmin bankın sağlamlaşdırılması barədə qərarın olması və qərar uyğun banka müvəqqəti inzibatçı təyin edilməsi haqda məlumat verib.
Bu nə deməkdir? “Banklar haqqında” Qanunun 57-ci maddəsinə əsasən sağlamlaşdırma tədbirləri çökmüş və əslində bağlanmalı olan banka dair həyata keçirilir. Bəs niyə bağlanmır? Ona görə ki, “sistem əhəmiyyətlidir”, yəni o qədər iridir ki, onun bağlanması, Qanunun dili ilə desək, maliyyə sabitliyinin pozulmasına, ödəmələrdə sistem xarakterli böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola bilər. Buna görə də bank dövlət vəsaiti hesabına xilas edilir. Yəni Azərbaycan xalqının pulu hesabına”.
Ekspertin fikrincə, bütövlükdə maliyyə sistemini xilas etmək üçün belə bir addım atılmalıdır, başqa yol onsuz da yoxdur. Çünki əks halda fəsadları daha ağır olacaq. Lakin bankın bu vəziyyətə düşməsinin günahkarları da cəzasız qalmamalıdır.
“Həmin bankın sahibləri və rəhbərləri ən pis halda bankı talamış, ən yaxşı halda isə bərbad şəkildə idarə etmiş, Mərkəzi Bankın rəhbərliyi isə ən pis halda onlarla əlbir olmuş, ən yaxşı halda isə bankı düzgün yoxlamamış və belə pis bankın iriləşməsinə şərait yaratmışdır. Onların əməllərinə görə isə indi bütün xalq xərcə düşür! Günahkarlar cəzalandırılmalıdır! Necə olur ki, kiçik borcunu ödəyə bilməyən vətəndaşın başına oyun açırlar, amma bu boyda bankı çökdürənlərə qarşı heç bir tədbir görülmür?! Nəticədə hökumət əhalinin borcları üzrə güzəşt üçün pul vermir, amma batmış bankı xilas etmək üçün vəsait ayırır”.
Ə. Həsənov qeyd edib ki, “Banklar haqqında” Qanunun 57.3-cü maddəsinə əsasən bankın sağlamlaşdırılması haqda qərarı (tədbirlər planı ilə birgə) Nazirlər Kabineti təsdiq etməlidir. Lakin belə qərar açıqlanmayıb: “Hanı həmin qərar? Hanı tədbirlər planı? Niyə dərc olunmayıb? Bütün məsələlər ilk növbədə hüquqi müstəvidə həll olunmalıdır. Bir daha deyirəm, iqtisadi cəhətdən bu bankın sağlamlaşdırılması zəruridirsə, olsun! Lakin hər şeydən əvvəl hüquqi çərçivəni gözləmək lazımdır! Hüquqi nəticələr də olmalıdır. Özü də şəffaf! Bu nəticələrin sırasında Bank Standardı bu günə qoymuş şəxslərin məsuliyyətə cəlb edilməsi birinci yerdə olmalıdır ki, başqalarına da dərs olsun! Çünki bu bank hələ ilk qaranquşdur. Ardı da olacaq…”