“Bankların xarici borclarını dövlət qarantiyası altında restrukturizasiya etməklə valyuta bazarına təzyiqi azaltmaq olar”.
Bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev verdiyi müsahibədə bildirib.
Həmin müsahibəni sizə təqdim edirik:
-Sığortalanan əmanətlərin faiz dərəcələrinin yüksəldilməsinin bank və real sektora təsiri sizcə necə olacaq?
-Bugün bankların manat likidliyi problemi olduğuna görə real sektorun maliyyələşməsində ciddi problemlər var. Odur ki, manat əmanətlərinin cəlbediciliyini artırmaq üçün sığortalanan əmanətlərin faiz dərəcələrinin yüksəldilməsinə ehtiyac vardır.
-Bu addım vəsait cəlbində bankların yüksək faizli dövlət istiqrazları ilə rəqabətini nə dərəcədə gücləndirər?
-Dövlət istiqrazlarının məbləği çox məhduddur. Bunu əsas götürərək,dövlət istiqrazlarının bank əmanətlərinə rəqabət yaradacağını düşünmürəm.
Əmanətlərin faiz dərəcələrini yüksəltmək post-neft dövründə bankların və ümumilikdə bank sektorunun yeni şərtlərə uyğunlaşması üçün kifayət edərmi, yoxsa əlavə hansı tədbirlər görülməlidir?
-Maliyyə sabitliyi üçün çox işlər görülməlidir və biz gecikirik. Konkret olaraq, aşağıdakı tədbirlərin görülməsini təklif edərdim:
-Sığortalanan əmanətlər üzrə faiz dərəcəsini manat əmanətləri üzrə 15%-ə qaldırmaq, manat əmanətlərinin cəlbediciliyini artırmaq;
-Manat əmanətlərinin faizlərinin artması nəticəsində kredit faizlərinin artımının investisiya aktivliyinə mənfi təsirini azaltmaq üçün təşviq sənədi olan layihə kreditləri üzrə faizlərin bir hissəsini subsidiya etmək;
-Xarici borcları, o cümlədən bankların xarici borclarını dövlət qarantiyası altında restrukturizasiya etməklə valyuta bazarına təzyiqi azaltmaq;
–Neft Fondunun aktivlərinin 5%-ni yerli bazarda yerləşdirməklə, bazara əlavə manat likvidliyi vermək və valyuta bazarına təzyiqi azaltmaq.
–Sizin fikrinizcə Banklar bugün daha çox nəyə diqqət yetirməlidirlər?
Banklara aşağıdakıları tövsiyə edərdim:
-Anti-böhran planı hazırlayıb, tətbiq etmək;
-İdarəetmə strukturunu və biznes prosesləri optimallaşdırmaqla, xərcləri azaltmaq;
-Biznes üçün yeni, cəlbedici və qarışıq valyutalı aktiv və passiv məhsullar yaratmaq;
-Risk menecmentini gücləndirmək və real ssenarilər qurmaq;
Mənbə: BBN