İranın neft hasilatını dondurmaq planına qoşulmağa hazır olduğunu bildirməsi dünya bazarında neftin qiymətini qaldırıb.
ANS PRESS-in məlumatına görə, bu gün dünya birjalarında Brent neftinin 1 barrelinin qiyməti 1,8 dollar bahalaşaraq 46 dollara qədər qalxıb.
Neftin qiymətinin qaldıran bəyanatı mayın 7-də İran Milli Neft Şirkətinin nümayəndəsi səsləndirib.
Analitiklər bu qərarı ölkənin artıq lazım olan səviyyədə, yəni gündə 4 milyon barrel neft hasilatı səviyyəsinə qalxması ilə izah edirlər. Tehran hasilatı dondurmaq barədə qərarı məhz bu səviyyəyə qalxdıqdan sonra verəcəyini bildirmişdi. Buna görə də İran aparıcı neft hasilatçısı ölkələrin aprelin 17-də Dohada keçirilmiş hasilat səviyyəsinin dondurulması ilə bağlı keçirdiyi konfransa qatılmamışdı. Nəticədə konfransda yekun qərar əldə edilməmişdi.
İranın bu qərarı dünyanın aparcı üç neft hasilatçısından biri olan Səudiyyə Ərəbistanını sərt addımlar atmağa məcbur etmişdi. Səudiyyə Ərəbistanının şahzadəsi Mühammed ben Salman ölkəsinin ani şəkildə günlük neft hasilatını 1 milyon barrel artıraraq 11,5 milyon barrelə çatdırmaq imkanında olğunu bildirmişdi.
Səudiyyə şahzadəsi neftin qiymətinə mənfi təsir edə biləcək bu bəyanatını daha sonra bir qədər də dərinləşdirib və lazım olarsa, beş-altı ay ərzində günlük neft hasilatını 12,5 milyon barrel səviyyəsinə qaldıra biləcəklərini demişdi.
“Biz əgər istehsal güclərinə sərmayə yatırsaq, gündə 20 milyon barrel neft hasil edə bilərik. Amma biz 20 milyon barreldən artıq neft çıxarmağa imkanımız yoxdur",- deyə Mühammed ben Salman vurğulamışdı.
Səudiyyə Ərəbistanı hazırda hasilata görə dünya ikincisidir. Bu ölkənin gündəlik neft hasilatı 2016-cı ilin I rübündə 10,3 milyon barel, Rusiyanınkı isə 10,8 milyon barel olub. Üçüncü yerdə ABŞ gəlir. Bu ölkənin günlük hasilatı hazırda 9 milyon barrelə ətrafında dəyişir.
İndiyə kimi Səudiyyə Ərəbistanın ən yüksək neft hasilatı 2015-ci ilin iyun ayına təsadüf edib. Onda bu ölkənin gündəlik hasilatı 10,564 mln barrel olmuşdu. Hazırda Səudiyyədə günlük neft hasalatı 10,2 milyon barrel ətrafında dəyişir.
İranın hasilatı dondurnaq barədə verdiyi qərar Səudiyyənin öz qərarını dəyişməsinə səbəb ola bilər. Çünki ölkənin büdcəsi neftin qiymətinin son iki ilə sürətlə aşağı düşməsi üzündən ciddi problemlərlə üzləşib. Səudiyyə dövlət büdcə kəsirini örtmək üçün valyuta rezervlərini sürətlə əritməyə və aşağı qiymətlər fonunda neft hasilatını artırmağa məcbur olub.