XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 19:38

“Trans-Adriatik” qaz boru kəmərinintəməli qoyuldu

Yunanıstanın Baş naziri Aleksis Tsiprasın himayəsi ilə Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz kəməri layihəsinin (TAP) inşa edilməsinə start verilib.

Tədbirdə BP, SOCAR, Snam, Fluxys, Enagas, Axpo şirkətlərinin rəhbərlər heyəti və Azərbaycan da daxil olmaqla 300 yaxın yüksək səviyyəli qonaqlar iştirak edib. Aleksis Tsipras bildirib ki, Trans-Adriatik qaz kəmərinin inşa edilməsinin başlanması Yunanıstan iqtisadiyyatı və region üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji təhlükəsizliyinin möhkəmlənməsi, enerji mənbələrinin şaxələndirilməsi Yunanıstanın və Avropanın enerji strategiyasını təşkil etdiyini vurğulayıb. Layihənin geostrateji əhəmiyyətinə toxunan Baş nazir, bu layihənin regionda əməkdaşlıq körpüsünə və firavanlığa gətirəcəyini bildirib.

TAP layihəsinin icraçı direktoru Yan Bradşou Avropa üçün strateji əhəmiyyət kəsb edən bu layihənin 2020-ci ildən başlayaraq Xəzər dənizindən qazın Avropaya nəqlini həyata keçirəcəyini qeyd edib. Direktor bildirib ki, əsas vəzifələr qazın vaxtında Avropa bazarına çatdırılması, qazı nəql edən və alan ölkələrin qarşılıqlı iqtisadi səmərələrin əldə etməsinə nail olmaqdır. O, layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi və Avropa enerji təchizatının inteqrasiyası və şaxələndirilməsinə yardım edəcəyini xüsusi vurğulayıb.

Yunanıstanın ekologiya və energetika naziri Panos Skourletis qlobal səviyyədə mühüm olan enerji layihəsinin anlayışından onun icrasına başlaması böyük uğur olduğunu deyib. Layihənin böyük səylər nəticəsində mümkün olduğunu və uzunmüddətli planları dəstəkləyəcəyini, Yunanıstanın digər ölkələrlə enerji inteqrasiyasının təmin edilməsində mühüm rol oynayacağını qeyd edib.

Təməlqoyma mərasimində Azərbaycanın energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP şirkəti ilə TAP şirkəti arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir(azərtac).