XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 22:51

Ekspert: “Dövlət qiymətlərindən qazanan yenə dərman firmaları olacaq”

derman.jpg

Tanınmış iqtisadçı Qubad İbadoğlu dərman vasitələri üzərində dövlət qiymətlərinin müəyyən edilməsi sisteminin problemi həll etməyəcəyini yazıb.

Hazirda ən çox müzakirə olunan mövzulardan birinin də dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı olduğunu deyən ekspert bildirib: “Artıq tarif şurası qiymətlərin hesablanma üsullarına dair təlimatı təsdiq edib. Yaxın vaxtlarda bir qrup dərman vasitəsinin vahid qiyməti açıqlanacağı gözlənilir. Bəlli olan odur ki, 10 istinad ölkəsi üzrə qiymətlərin minimal səviyyəsinin ortalama göstərici baza qiymətinin təyinatı üçün istifadə olunacaq.

Hesablamalar görə, Azərbaycan apteklərində 20 min adda dərman satılır. Bu qədər sayda dərmanlar üçün vahid qiymətin təyin edilməsi üçün lazım olan informasiyanın yığılması və emalı xeyli vaxt tələb edir. Digər tərəfdən də onu da nəzərə almaq lazımdır ki, istinad kimi seçilmiş ölkələrdə qiymətlər dayanmır, dinamikdir. Ona görə də həmin ölkələr üzrə dərman qiymətləri üzərində dövrü olaraq monitorinq aparılması ehtiyacı qaçılmazdır”.

Q.İbadoğlunun sözlərinə görə, bu qədər mürəkkəb və nəticəsi əvvəlcədən bəlli olmayan üsulla qiymətlərin təyin edilməsinə ehtiyac yox idi: “Əvvala, hökümət səhiyyə siyasətində dəyişikliklər etmək, bu sistemdə islahatlar aparmaq istəyirsə, 18 yaşınadək uşaqlar, əlillər, həsas sosial qruplar, hamilə qadınlar, azgəlirli əhali qrupları və 60 yaşından yuxarı yaşlı vətəndaşlar üçün dövlət hesabına tibbi sığorta sistemi tətbiq olunmalı və bu proqramda olanlar da dərmanlarını həkim qeydləri əsasında pulsuz əldə etməlidirlər. Onsuz da son 3 ildə dövlət büdcəsindən hər il orta hesabla 125 milyon manat vəsait dərman peraparatlarının, sarğı ləvazimatlarının alınmasına yönəldilib və onun çox hissəsi də korrupsiyanın yeminə çevrilib”.

Ekspertin sözlərinə görə, digər tərəfdən bu üsulla vahid qiymətin müəyyənləşdirilməsi paketinə topdansatış və pərakəndə satış müəssisələrinin gəlirlərinin formalaşması da daxil olduğundan bu rəqabətli bazar mühitində işləməyən əzcaçılıq şirkətləri üçün sabit gəlirlərin təminatı deməkdir: “Belə ki, 10 manat bazis qiyməti olan dərman 67 faiz, 50 manatlıq dərman 60 faiz, 100 manatlıq dərman isə 50 faiz bahasına satılacaq, əldə edilən qazanclar pərakəndə və topdansatış şirkətlər arasında bölüşdürüləcək. Deməli yenə də qazanan şirkətlər olacaq. İstehlak qiymətlərinə gəlincə, bu yolla tənzimləmə onun kəskin ucuzlaşacağına gətirib çıxarmasa da, dərman peraparatlarının qıtlığının yaranması və keyfiyyətinin aşağı düşməsi yeni qiymət islahatlarının fəsadlarına çevrilə bilər. Odur ki, yeni yanaşma paketində dərman dövriyyəsinə və keyfiyyətə nəzarət mexanizmi də olmalıdır”.