"Azərbaycan İnvestisiya Şirkəti" ASC 2014-2015-ci illər üzrə maliyyə nəticələrinə görə müvafiq olaraq 1 mln. 69,3 min manat və 17 mln. 385,5 min manat mənfəəti olmasına baxmayaraq, dövlət büdcəsinə müvafiq vergilərin ödənilməsi istisna olmaqla, aidiyyati üzrə heç bir dividend ödəməyib.
Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb. (APA)
2016-cı ilin 1 yanvar tarixinə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 5 səhmdar cəmiyyətində 58 mln. 883,3 min manat məbləğində səhmlər və paylar üzrə vəsait qoyuluşu mövcud olub ki, bunlardan isə yalnız şirkətin 25% iştirak payı olan 1 ASC tərəfindən dividendlər ödənilib. Cari ilin əvvəlinə həmin məbləğ 4 mln. 927,8 min manat təşkil edib.