XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 10:03

Azərbaycanda biznesi olan Qutseriyev“RussNeft”-in səhmlərini satışa çıxarır

Qutseriyev

Rusiyalı milyarder Mixail Qutseriyevin və ailəsinin nəzarətində olan “RussNeft”  şirkəti səhmlərini birjada yerləşdirməyə hazırlaşır. Bu ilin sonuna kimi şirkətin səhmlərinin  49% -nin Moskva birjasında yerləşdirilməsi planlaşdırılır.

Bu barədə RBK agentliyinə Binbank Direktorlar Şurasının sədri, “RussNeft” şirkətinin sahiblərindən biri Mikayıl Şişxanov məlumat verib.

Hazırda “RussNeft” şirkətinin səhmlərinin 54% Mixail Qutseriyev və ailəsinə məxsusdur. Şirkətin səhmlərinin 46% İsveçrənin Glencore şirkətinindir.

Şişxanov deyib ki, şirkətin MDB-dən olan investoru da var və 1 milyard vəsait ayırmaq niyyətindədir.  Əgər səhmlər uğurla satılacaqsa, onda şirkət 1.5 milyard borcunu bağalaya biləcək. Hazırda şirkətin 2.3 milyard dollarlıq öhdəliyi var.

Xatırladaq ki, Mixail Qutseriyevin Azərbaycanda da biznesi var.   “RussNeft” 2006-cı ildə Azərbaycana da gəlib. Abşeron yarımadasının cənub hissəsində yerləşən “Zıx” və “Hövsan” yataqları üzrə hasilatın pay bölgüsü üzrə ( PSA tipli)  müqavilə imzalayıb.

Azərbaycanda “RussNeft” başgicəlləndirici uğurlar əldə edib. Belə ki, qısa müddətdə quruda 17 yataq (5 əməliyyat şirkəti ilə operatorluq şəraitində) işləyə bilib. Üstəlik 25 il müddətinə PSA- müqavilə üzrə hüquqlar əldə edib.

Sonradan Rusiyada M.Qutseriyevin müəyyən hüquqi problemləri olduğundan “RussNeft”in Azərbaycandakı aktivlərində bəzi dəyişikliklər olub. O, Global Energy şirkəti ilə əvəzlənib. Bu şirkət Virciniya adalarının Britaniya hissəsində offşor zonada qeydiyyatdan keçib.

Hazırda Global Energy Azerbaijan Ltd. öz strukturlarında quruda hasilatla məşğul olan aşağıdakı şirkətləri birləşdirir: Absheron Operating Company Limited (“Zıx” və “Hövsan” yataqlarını birləşdirir), Karasu Operating Company (“Kəlamətdin” və “Mişovdağ”), Kura Valey Operating Company (“Padar-Haremi”), Neftechala Investments Limited (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), Binagadi Oil Company (“Binəqədi”, “Qırmaki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayi”, “Şabandağ” və “Sianşop”).

Bundan başqa  2007-ci ildə Qutseriyev Rusiyada vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılandan sonra Moskvada müəmmalı qəzada həlak olan oğlunun cənazəsi Bakıya gətirildi və biznesmen oğlu ilə Bakıda vidalaşmalı oldu. 

Sonradan Qutseriyev beynəlxalq axtarışda olduğu və Londonda gizləndiyi vaxtlarda Azərbaycanda neft biznesini necə genişləndirdiyi haqda müsahibəsində bunları demişdi: “Mən mümkün olmayan işi bacardım. İnternet və telefon vasitəsilə biznesimi davam etdirdim. Məlum oldu ki, Londonda oturub başqa ölkələrdə telefonla şirkətlər qurmaq olar. Əsas odur ki, dəstəyin o tərəfindəkilər düzgün adamlar olsun. Mən Londonda yaşadığım müddətdə axtarışda olsam da Azərbaycanda neft yataqlarının istismarına 1 milyard dollar yatırdım, Mavritaniyaya isə 160 milyon dollar pul qoydum. Qalan ölkələrə isə daha 1 milyard investisiya yatırdım”. 

2010-cu ildə Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv edib. 3 ilə yaxın axtarışda olduqdan sonra Rusiya hakimiyyəti ilə anlaşan və yenidən bu ölkəyə qayıdaraq biznesə başlayan  Qutseriyev Putinə və Medvedyevə  minnətdarlıq edib: “Onlar işə qarışmasaydı, mənim Rusiyaya qayıtmağım heç vaxt mümkün olmazdı”.

«Forbes»in məlumatına görə, 5,9 milyard dollarlıq sərvəti ilə Rusiyadakı milyarderlər arasında 16-cı yeri tutur. 

Strateq.az