XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 08:34

Dollar üçün kritik həftə –FED-in faiz qərarı gözlənilir

dollar

Gələn həftənin çəənbə günü ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı gözlənilir və dünya iqtisadiyyatı üzrə göstəricilər iyun ayında faiz artımı ehtimalını istisna edir.

“İnvest.az” xəbər verir ki, FED pul siyasəti zamanı ABŞ iqtisadiyyatı ilə yanaşı dünya iqtisadiyyatını da nəzərə alır. 

ABŞ iqtisadiyyatının önəmli göstəricilərindən sayılan işsizlik və inflyasiya səviyyələri üzrə sonuncu məlumatlar iqtisadiyyatda müsbət tendensiya haqqında məlumat verir. Belə ki, FED-in keçən ilin dekabr ayında, 2008-ci ilin maliyyə böhranından sonra ilk faiz artımı zamanı ölkədə inflyasiya 0.5%, işsizlik isə 5.0% idi. Hal-hazırda, yəni may ayı üzrə açıqlanan işsizlik 4.7%-ə kimi azalmış, inflyasiya səviyyəsi isə bu həftənin cümə axşamı yayımlanacaq. (Aprel ayında 1.1% olub). 

Lakin beynəlxalq iqtisadiyyatda risklər hələ də mövcuddur. Dünya Bankının sonuncu hesabatına görə, əmtəə bazarlarında qiymətlərin zəif olması, sənaye ölkələrində tələbatın azalması və kapital axınlarının azalması dünya iqtisadiyyatının zəifləməsinə səbəb olur. Eyni zamanda, inkişaf etmiş dövlətlərdə aşağı faiz dərəcələri əhalinin yüksək borclanmasına səbəb olub və beləliklə, problemli kreditlərin həcmi artır. Buraya Böyük Britaniyanın Avropa Birliyi referendumunu da əlavə etsək, kifayət qədər risklərin şahidi oluruq. Bu səbəblə, Dünya Bankı 2016-ci ildə dünya iqtisadiyyatı üzrə inkişaf gözləntisini 2.9%-dən 2.4%-ə kimi azaldıb.

Bütün bunlar isə FED-in iyun ayında faiz qərarında ən azı bir ay da gözləyəcəyini deməyə əsas verir. İyul ayında baş tutacaq faiz qərarına kimi isə Böyük Britaniyanın Avropa Birliyi referendumu başa çatmış olacaq və Amerikanın may ayı üzrə inflyasiya səviyyəsi bilinəcəkdir. 

Qeyd etmək lazımdır ki, FED-in siyasəti bugünkü vəziyyətə uyğun deyil, iqtisadiyyatın gələcək vəziyyətinə uyğun qurulur və bu zaman dünya iqtisadiyyatı da nəzərə alınmalıdır.