XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 08:45

Bazarda meyvə – tərəvəz niyəbahadır?

meyve

Hazırda meyvə – tərəvəzin bol olduğu ərəfədir. Lakin bazarlarda qiymətlər ötən illərə nisbətən çox bahadır və bugünlərdə bu bahalaşmanın daha da kəskin artdığı müşahidə olunur. Alıcılar qiymətlərin bahalığından şikayətlənir, satıcılar isə son günlərdə rayonlarda baş verən leysan yağışları, sel sularının ucbatından məhsullarının tələf olduğunu, bu səbəbdən də əllərində olan-qalan məhsullarını baha qiymətə satmaq məcburiyyətində qaldıqlarını bildirirlər. 

Məlum olduğu kimi, iyunun 12-13-də ölkənin bir neçə rayonunu sel basmışdı. Sel suları Tovuz, Şamaxı, İsmayıllı, Göyçayda ciddi fəsadlar yaratdı, təsərrüfat sahələrinə böyük ziyan vurdu. Elə satıcılar da bahalaşmanı bu təbii fəlakətlə əlaqələndirməyə çalışırlar. Lakin bəzi ekspertlər qiymət artımlarının süni olduğunu, satıcıların ötən illərdə olduğu kimi bu il də müqəddəs Ramazan ayında qiymətləri kor-təbii şəkildə artımağa cəhd göstərdiyini bildirirlər.

Digər ekspertlər isə ölkədə baş verən son devalvasiyadan sonra əhalinin kredit borclarının artdığını, gəlirləri olmadığı üçün kəndlilərin az hesabla məhsul yetişdirməkdə maraqlı olduqlarını, beləliklə də məhsul azlığından qiymətlərin də bahalaşdığını deyirlər.

“Bahalaşmanın kökünü dekabr devalvasiyasında axtarmaq lazımdır”. Bu sözləri iqtisadçı Qadir İbrahimli bazarda meyvə-tərəvəz məhsullarının qiymətlərinin artması ilə bağlı “Yeni Müsavat”a açıqlama verərkən bildirib. İqtisadçı qeyd edib ki, artıq 6 aydır ki, Azərbaycanda başlayan və davam edən devalvasiyanın bütün məhsul və xidmətlərin tədricən bahalaşmasına gətirib çıxartması gözlənilən idi:

“O cümlədən də meyvə-tərəvəz məhsullarının bahalaşması. Bu təbii  bir prosesdir. O ki qaldı əlverişsiz hava şəraitinin qiymətlərin bahalaşmasına təsir etməsi, bu barədə danışmaq hələ ki tezdir. Leysan və yağışlar bugünlərdə  baş verib və onun təsiri bir müddət sonra aydınlaşacaq. Satıcılar kor-təbii şəkildə bahalaşmanı təbii fəlakətlə əlaqələndirə bilərlər. Lakin düşünmək lazımdır ki, həyətində 5-6 meyvə ağacı olan kəndlinin dolanışığı üçün əvvəllər 200 manat gərəkirdisə, indi bu məbləğ 300-350 manat olub. O da yaşayış, dolanışıq üçün yeganə ümid yeri olan məhsulunu baha qiymətə satmağa çalışır. Bu təbiidir, bunu nəzərə almaq lazımdır”.

İqtisadçı bazarlarda qiymət artımının bundan sonra da davam edəcəyini vurğuladı.

Qeyd edək ki, hazırda bazarlarda keyfiyyətindən asılı olaraq meyvə-tərəvəzlərin son qiymətləri təxminən aşağıdakı kimidir: alma 1-2 manat, gilas 2,5-5 manat, çiyələk 2-2,5 manat, ərik 4-5 manat, pomidor 1,5-2,5 manat, xiyar 0,6-1,5 manat, lobya 1,5-2 manat, badımcanın isə kilosu 1,2-1,5 manat arasındadır.