XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 09:32

Ekspert:“Növbəti həftələrdə 1 dollar 1 manat 65 qəpiyə qədər bahalaşa bilər”

Natiq Cəfərli

 

 

“FED-in toplantısından çıxacaq qərar dünya maliyyə bazarları üçün çox əhəmiyyətlidir. Uçot dərəcələrinin artırılması ilə bağlı ehtimal 50/50-dir. Ancaq dəqiq məlumat odur ki, iyul ayındakı növbəti toplantıya qədər faizlər mütləq artırılacaq.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) bu gün başa çatcaq iki günlük iclasının nəticələrinı musavat.com-a şərh edərkən deyib. FED rəhbərliyi uçot dərəcəsinin artırılıb-artırılmayacağına qərar verməlidir.

Ekspertin sözlərinə görə, Bu toplantıda faizin artırılmasına mane olacaq səbəblərdən biri Britaniyada keçiriləcək referendum ola bilər. Ola bilər ki, bunu səbəb göstərərək uçot dərəcələrinin artırılmasını iyul ayına qədər ertələsinlər. “Ancaq istənilən halda, yaxın bir ayda faizlərin artması gündəmə gələcək. Bu, dünya bazarında  dolların bahalaşması ilə müşahidə olunacaq. Yəni faiz dərəcələri artacaqsa, dollar bahalaşmağa doğru gedəcək. Bütün ölkələrin milli valyutalarının dollara qarşı məzənnəsinə təsir göstərəcək. Bu prosesin Azərbaycana təsirsiz ötüşməsi mümkünsüzdür. Azərbaycana ən böyük təsir o olacaq ki, dollar bahalaşsa, neftin ucuzlaşması prosesi sürətlənəcək. Çünki dünya bazarında belə bir formul işləyir ki, baha dollar ucuz neft deməkdir”. 

 

Ekspert vurğuladı ki, Azərbaycanda növbəti kəskin devalvasiyanın olması ehtimalı çox aşağıdır: “Hər halda, manatın zəifləməsi prosesi sürətlənə bilər. Yaxın zamanda biz yenidən 1.65 məzənnəsini görə bilərik. Növbəti həftələrdə  1 dollar 1 manat 65 qəpiyə qədər bahalaşa bilər». 

Dolların bahalaşması səbəbindən manatın devalvasiyası üçün yaranmış iqtisadi zəminə gəlincə, Natiq Cəfərli hökumətin manatı saxlamağa məcbur olduğunu və kəskin devalvasiyanın iqtisadiyyatı iflic edəcəyini vurğuladı: “Ötən dəfə FED-in uçot dərəcələrini qaldırmasının ardından manatın kəskin devalvasiyaya uğraması  ölkə iqtisadiyyatına zərbə oldu. Azərbaycan hökuməti nəhayət anlamalıdır ki, bizim iqtisadiyyat kəskin devalvasiyanı qaldıra bilmir. İki devalvasiya elə ciddi problemlər yaratdı ki, hələ də onları aradan qaldırmaq mümkün olmayıb. Çox güman ki, hökumət növbəti dəfə devalvasiyaya getmək əvəzinə, dolları indiki 1.51 məzənnəsindən, 1.65 məzənnəsinə qədər qaldıra bilər. Lakin əvvəlki kimi bir gecədə 35-40 faizlik kəskin devalvasiyanın olması Azərbaycan iqtisadiyyatını tamamilə çökdürə bilər. Əgər hökumət qarşısına iqtisadiyyatı tamamilə iflic vəziyyətinə salmağı məqsəd qoyubsa, o zaman devalvasiya qərarı verəcək. Yox, əgər vəziyyəti idarə eləmək istəyirsə, manatı tədricən yumşaltmağa çalışacaq».