XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2015 - 04:48

Əmanətçilər dilemma qarşısında qalıb

Banklar dollarla qoyulan əmanətlərin faizini aşağı salıb, manata da etibar yoxdur

Bir sıra banklar dollarla yatırılan depozitlər üzrə faiz dərəcələrini aşağı salıb. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, dollar üzrə əmanət faizlərinin aşağı düşməsi labüd idi: “çünki banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Yəni əllərində olan dollarları istifadə edə bilmirlər. Bir tərəfdən xaricdən cəlb edilən resurslar, digər tərəfdən əmanətlərin son vaxtlar sürətli dollarlaşması banklarda dollar resurslarını kəskin artırıb. Xüsusən də, banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması dünya valyutasını az qala bankların “baş ağrısı”na çevirib”.
İqtisadçının sözlərinə görə, əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər: “Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur. Həmişə əmanətlərdən daxil olan milli valyuta isə son vaxtlar kəskin azalıb. Xeyli vaxtdır əmanətlərin “yaşıllaşması” prosesi gedir. Təsadüfi deyil ki, ilin ilk dörd ayında milli valyuta üzrə əmanət qoyuluşu 4,4 milyarddan 2,3 milyard manata düşüb. Əmanət qoyuluşunda payı isə 62 faizdən 29 faizə düşüb. Faktiki olaraq, banklar təkcə əmanətlərdə 2 milyard manat həcmində milli pul itiriblər.
Digər tərəfdən, Mərkəzi Bank manatın sabitliyini qorumaq tədbirləri çərçivəsində valyuta ehtiyatının müəyyən hissəsini bazara yönəldərək bazardan 4 milyard çox manat yığıb. Bunun nəticəsidir ki, pul bazası yanvar-may aylarında 11.5 milyarddan 7,6 milyarda qədər azalıb. Həmin vəsaitlər banklar vasitəsilə iqtisadiyyata yönəldilməli olduğu halda, hələ ki, Mərkəzi Bankın sərəncamında qalmaqdadır.
Belə vəziyyətdə banklara nə Mərkəzi Bankdan, nə də əmanət şəklində manat daxil olur. Manatsız qalan banklar əmanətçilərə üz tuturlar. Buna görə də banklar əhalini manatla əmanət qoymağa stimullaşdırmağa məcburdurlar və əmanətlərin illik faiz dərəcələrinə valyutalar üzrə differensasiyanın tətbiqi qaçılmazdır. Banklar manatla olan əmanətlərin faiz dərəcəsini getdikcə qaldırırlar. Dollarla olan əmanətlərin faiz dərəcəsini isə aşağı salırlar”.
Ekspertin fikrincə, dollar əmanətlərinin faiz dərəcəsinin aşağı salınmasının iqtisadiyyata müəyyən təsirlərini görə biləcəyik: “Əmanətlərdə dollarlaşma prosesi doyma halına gəlib. Əmanət bazarında əmanətçilər gözləmə mövqeyindədir. Xüsusilə yeni əmanət qoymaq istəyən və köhnə əmanətin müddəti başa çatanlar seçim qarşısındadır: manatla əmanət qoysunlar, yoxsa dollarla.
Düşünürəm ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq. Əgər devalvasiyadan sonra dollar əmanətlərinin sürətli artımı baş verirdisə, bundan sonra belə əmanətlərin artım tempi azalacaq və hətta dollar əmanətlərinin azalması baş verə bilər. Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərin faiz dərəcəsinin azalması bu prosesi daha da stimullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda, əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək və böyük həcmdə pul bank sektorundan kənarda – yastıq altında ölü kapital kimi saxlanılacaq”.