XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 12:47

TAP-ın fiber-optik kabel təchizatınıbu şirkət həyata keçirəcək

Azərbaycanın təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin təxminən 1550 kilometrlik hissəsinin fiber-optik kabel təchizatını və çatdırılmasını “Himachal Futuristic Communications Ltd.” (HFCL) şirkəti həyata keçirəcək.

Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG-nin saytında məlumat verilir. Bildirilir ki, bu proses nəzarət mərkəzi ilə boru kəməri, kompressor və blok stansiyalarının ikitərəfli rabitəsinin qurulmasını asanlaşdıracaq.

TAP-ın icraçı direktoru Yan Bradşou deyib: “Fiber-optik kabellər təhlükəsiz və effektiv boru kəməri əməliyyatları asanlaşdırmaq baxımından boru kəmərinin avadanlıqlarının mühüm hissəsini təşkil edir”.

Qeyd edək ki, TAP boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qaz Avropaya nəql ediləcək. Uzunluğu təxminən 878 kilometr olan TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).