XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 16:21

TANAP və TAP NATO-nun zirvə toplantısındaəsas müzakirə mövzusu olacaq

İyulun 8-9-da Varşavada keçiriləcək NATO-nun zirvə toplantısının gündəmində enerji təhlükəsizliyi çərçivəsində Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri müzakirə ediləcək.

Bu barədə NATO-nun enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mişel Ruehle məlumat verib. O şərhində enerji təhlükəsizliyinin NATO-ya üzv ölkələr üçün əhəmiyyətli olduğunu deyib: “Üzv ölkələrin Rusiya qazından asılılığının azaldılması toplantıda əsas müzakirə mövzusu olacaq. Buna görə də TANAP və TAP enerji təchizatının şaxələndirilməsi baxımından çox əhəmiyyətli layihələrdir.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 9,5 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

TAP boru kəməri ilə isə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qaz Avropaya nəql ediləcək. Uzunluğu təxminən 878 kilometr olan TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz)(azərtac).