XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 07:11

Azərbaycanda 855 milyon manat problemli kredit var

Azərbaycanda 855 milyon manat problemli kredit var

2015-ci il may ayının 1-nə qədər manat kreditinin həcmi 12 milyard manat, problemli manat kreditlərinin həcmi 855,9 milyon manat təşkil edib. Beləliklə, problemli kreditlərdə manat kreditlərinin payı 61 faizə çatıb.

İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov Modern.az saytına açıqlamasında bunu dollar artıqlığı və manat qıtlığının olması ilə əsaslandırıb:

“Hazırda valyutadəyişmə məntəqələrində dollar bolluğu və manat qıtlığı müşahidə edilir. Bu dollarlaşma prosesinin əks istiqamətdə getdiyini göstərir. Vətəndaşların böyük çoxluğu manatın devalvasiyasından öncə və sonra öz vəsaitlərini dollara çevirdi. Bu isə sonradan cari xərclərdə həmin vəsaitlərdən istifadə edilməsinə gətirib çıxardı”.

O, digər səbəb kimi 1-ci Avropa Oyunlarının Azərbaycanda təşkil edilməsini göstərib: “ölkəyə çox sayda turistin gəlməsi dollar təklifini artırdı. çünki turistlər məhz xarici valyuta ilə ölkəyə daxil oldu. Onlar da xarici valyutalarını manata çevirdilər ki, bu da manata tələbin artmasına və dollar təklifinin yüksəlməsinə gətirib çıxardı. Mərkəzi Bankın manat kütləsinin müəyyən qədər sıxması da dollar bolluğu yaratdı.

Dollar bolluğunun yaranması qorxulu və təhlükəli deyil. çünki indiki məqamda manatın kommersiya banklarında müşahidə edilən məzənnəsi dollar bolluğu ilə müəyyənləşmir. Məzənnə ölkəyə daxil olan və ölkədən çıxan valyutanın həcmi ilə müəyyənləşir”.

Ekspert hesab edir ki, Mərkəzi Bank payızda manatın məzənnəsini indiki səviyyədə saxlanmağa çalışacaq:

“Sonradan manatın məzənnəsinin dəyişməsi birbaşa dünya bazarında neftin qiymətindən, Azərbaycan ixracatından asılı olacaq. Hələlik dolların manata olan təzyiqinin azalması müşahidə edilməkdədir. Bütün hallarda nəzərə almaq lazımdır ki, manatın məzənnəsini inzibati yolla Mərkəzi Bank müəyyənləşdirir. Bu baxımdan uzunmüddətli dövr üçün proqnoz vermək çətindir. Mərkəzi Bank devalvasiyaya da getmək istəmir. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi də gündəmdə deyil. Mərkəzi Bank mövcud dəhliz daxilində manatın məzənnəsini qoruyub saxlamağa çalışır. Yəni növbəti müddətdə dollar 1 manat 4 qəpik – 1 manat 5 qəpik arasında dəyişəcək”.