“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsində yerli və xarici investorların iştirakının təmin edilməsi gözlənilən idi”.
Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elçin Qurbanov sözügedən ASC-nin özəlləşdirilməsi barədə sərəncamı şərh edərkən deyib.
Elçin Qurbanovun fikrincə, Daşkəsən dəmir filizi (Fe) qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. tondur: “Rəsmi statistikaya görə isə, Azərbaycanda yataqlardan filizin hasilatı son illər ərzində təxminən 150- 200 min ton arasında dəyişir. Bu isə ehtiyatlarla müqayisədə xeyli aşağı göstəricidir və hasilatda durğunluğun yaranmasından xəbər verir”.
Bəs, Azərbaycan filiz ehtiyatının istismarını öz maliyyə gücü hesabına həyata keçirə bilməzdimi?
Sualımızı cavablandıran iqtisadçı mədənçilik siyasəti düzgün qurulduqdan sonra istismarın xarici və ya yerli investorlara verilməsinin çox da böyük əhəmiyyət kəsb etmədiyinə inanır. Onun sözlərinə görə, Azərbaycanın indiki böhran vəziyyətində öz yerli imkanlarıyla faydalı qazıntılar sektorunu inkişaf etdirə bilməsi çətindir: “Bildiyimə görə, Daşkəsən yatağının istismarı üçün infrastrukur tam hazır vəziyyətdə deyil. Yatağın üstaçma prosesindən tutmuş, kommunikasiya imkanlarına qədər hər şey yenidən qurulmalıdır. Üstəlik, dünya bazarında mədən məhsullarının qiyməti xeyli aşağı düşüb. Hasil olunan filizin xammal şəkilində satılması rentabelliyini itirib. Hazır mal şəkilində satmaq üçün isə bir sıra müəssisələr qurulmalıdır. Bu da çox ciddi maliyyə yükü tələb edir. İndiki vəziyyətdə Azərbaycanın bu sahəyə investisiya yatırması isə ölkədəki sosial-iqtisadi vəziyyəti daha da pisləşdirə bilər. Odur ki, xarici investorların bu işə cəlb olunması ən doğru alternativdir”.
Bununla belə, mədənçilik sahəsində müəyyən islahatların aparılmasının vacibliyinə toxunan iqtisadçı bir müddət əvvəl KİV-lərdə bu barədə təkliflə çıxış etdiyinı xatırladatdı:
“Yenə təkrar qeyd etmək istəyirəm ki, bu məsələdə Azərbaycan xalqına daha çox xeyir verəcək prioritet məsələ mədən vergisi ilə bağlı qanunvericiliyə dəyişiklik ola bilər. Mədəndən əldə edilən gəlir və mənfəətin vergiyə cəlb olunması, o cümlədən yerli vətəndaşların burada işlə təmin olunması dövlət maraqlarının önündə dayanmalıdır. Bildiyimiz kimi, vergi qanunvericiliyində filiz faydalı qazıntılarına, habelə bütün növ metallara onların topdan satış qiymətinə tətbiq edilən mədən vergisinin dərəcəsi 3% təşkil edir. Bu isə beynəlxalq təcrübədə çox aşağı hədd kimi xarakterizə olunur. Hesab edirəm ki, zəruri islahatlara vergi dərəcələrindən başlamaq lazımdır”.