XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 14:12

İcraçı direktor:“İqtisadiyyata cavabdeh olan hər üç blok bir platformada birləşib”

vusal qas

 

“Maliyyə Sabitliyi Şurasının tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid plaforma yaranır”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı qurumun fəaliyyət perspektivini şərh edərkən deyib.

Onun sözlərinə görə, Şurada Prezidentinin Administrasiyası, Maliyyə və İqtisadiyyat Nazirlikləri, həmçinin Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondunun təmsil olunması ilə Azərbaycanda aparılan institutsional islahata əsasən iqtisadiyyata cavabdeh olan hər üç blok qurumlar bir platformada birləşib.

“Bu mənada Baş nazirin Maliyyə Sabitliyi Şurasına rəhbərlik etməsi makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini təmin edəcək. Hazırda makro və fiskal siyasəti yürüdən qurumların Nazirlər Kabinetinin strukturunda olması, digər tərəfdən isə monetar siyasətə cavabdeh Mərkəzi Bankın, meqarequlyator olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının və iqtisadiyyatın xarici valyuta təminatında aparıcı rola malik olan Dövlət Neft Fondunun isə Nazirlər Kabinetinin strukturunda yer almaması fiskal və maliyyə siyasətlərinin daha dərin koordinasıyasını zəruri edib. Bu mənada Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır”.

V. Qasımlının sözlərinə görə, dünya təcrübəsində Maliyyə Sabitliyi Şuraları 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılıb.  Türkiyədə Maliyyə Sabitliyi Şurası 2011-ci ildə yaradılıb və Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunu əhatə edir: “Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir. Azərbaycanda da Maliyyə Sabitliyi Şurası uğurlu xarici analoqlarının nümunəsinə uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayacaq”.