
İlham Şaban: “Tam məntiqi izah qarşısında Avropa Komissiyasının deyə biləcək sözü yoxdur”
“Avropa Komissiyasının bu məsələni uzatmasının kökündə yalnız Azərbaycandan asılı olmayan amillər durur”
Azərbaycanın energetika naziri Natiq Əliyev xarici mətbuata verdiyi müsahibədə Avropa İttifaqının ARDNŞ-nin DESFA-da pay əldə etməsi üzrə sövdələşmənin Aİ-nin hüquq normalarına uyğunluğunu araşdırması ilə bağlı narahatlığını bildirib:
“DESFA-da payın əldə edilməsi üzrə tenderin qalibi olan Azərbaycan Avropa Komissiyasının sövdələşmənin Aİ-nin hüquq normalarına müvafiqliyi barədə qərarı yubatmasının səbəbləri ilə maraqlanır”.
N.Əliyev bildirib ki, bununla əlaqədar Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevtsoçivlə görüşdə narahatlığını ifadə edib.
ARDNŞ 2013-cü ilin dekabrında DESFA-nın 400 milyon avroluq 66 faiz səhmlərinin əldə edilməsi üzrə tenderin qalibi olub. Qalan hissə Yunanıstana məxsus olacaq.
Nazir əlavə edib ki, Azərbaycanın nöqteyi-nəzərindən mövcud vəziyyətdə maraqların toqquşması olmayıb: “çünki Cənub Qaz Dəhlizi ilə tədarük ediləcək qazın sahibi Azərbaycan deyil, “Şahdəniz-2″ konsorsiumudur. Buna görə də düşünürük ki, Azərbaycanı qazın sahibi, tədarükçüsü və distribütoru hesab etmək lazım deyil. ümid edirəm ki, Avropa Komissiyası bunu nəzərə alacaq”.
Avropa İttifaqının bu məsələni uzatmaqda hansı marağı ola bilər?
Neft məsələləri üzrə ekspert İlham Şaban Strateq.az-a açıqlamasında bildirdi ki, Avropa Komissiyasının bu məsələni uzatmasının səbəbini anlaya bilmir: “Mən Natiq Əliyevin fikirlərilə tanış oldum. çox ətraflı izahı verilib və cənab nazirlə tam razıyam. Hesab edirəm ki, Avropa Komissiyasının bu məsələni uzatmasının kökündə yalnız Azərbaycandan asılı olmayan amillər durur. Bilirsiniz ki, Azərbaycan bu tenderi 2013-cü ilin sentyabr ayında udub. Həmin vaxtdan da Yunanıstanın müvafiq qurumu ilə bu haqda razılaşma əldə olunub. Ancaq bu günə kimi də müqavilə şərtlərinə əməl edilmir. Hesab edirəm ki, Avropa Komissiyasının bu layihənin reallaşmasını istəməməsinin başlıca səbəbi Rusiya ilə olan gərgin münasibətlə bağlı oldu. Onlar çəkindilər ki, Avropanın başlıca qaz təminatçısı olan “Qazprom” Azərbaycana yer verilməsinə etiraz edə bilər. Əvvəldən də müxtəlif bəhanələr göstərilməyə başladı. İradlar bundan ibarət idi ki, qazı çıxaran, nəql edən ölkənin özünün də satışla məşğul olması düz deyil. Cənab Natiq Əliyev isə bunun tam izahını verdi ki, Azərbaycanda çıxarılan qazın cəmi 10 faizinin sahibi ARDNŞ-dır. Nəqlində isə bizim şirkət yalnız Türkiyə ərazisində operatorluq işlərini üzərinə götürüb. Tam məntiqi izah qarşısında Avropa Komissiyasının deyə biləcək sözü yoxdur”.