Rəsmi mətbuatda “Aztelekom” İB-nin eyni adlı MMC-yə çevrilməsi barədə elan dərc edilib. İyunun 22-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov müvafiq sərəncam vermişdi.
“Aztelekom” İB-nin MMC-yə çevrilməsi bu telekommunikasiya nəhəngini özəlləşdirməkdən imtina deməkdir.
Xatırladaq ki, 29 mart 2001-ci ildə dövlət başçısı H.Əliyev «Rabitə müəssisələrinin özəlləşməyə açılması haqqında» (http://e-qanun.az/alpidata/framework/data/4/f_4528.htm) fərman vermişdi. Sənədə əsasən, ƏMDK “Aztelekom” İB-i fərdi layihə ilə özəlləşdirməli idi. 14 il keçsə də, konkret addımlar atılmayıb.
ƏMDK mətbuat xidmətində Turan-a bildiriblər ki, “Aztelekom” İB-nin eyni adlı MMC-yə çevrilməsi barədə təklif bu təşkilatın rəhbərliyindən gəlib. Aztelekom-un hüquq şöbəsində qeyd ediblər ki, dövlət müəssisəsinin təşkilati-hüquqi formasının SC və ya MMC kimi müəyyən edilməsini tələb edən sənəd var.
II Dövlət özəlləşdirmə Proqramı (avqust, 2000-ci il) ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisə və obyektlərinin fərdi layihələr üzrə özəlləşdirilməsi üçün onun səhmlərinin 51%-i və ya daha çox hissəsinin satışa çıxarılmasını nəzərdə tutur. Mülki Məcəlləyə əsasən, yalnız səhmdar cəmiyyətləri səhm buraxa bilər.
Qeyd edək ki, ƏMDK-nin bu cür sənədlərində kommersiya təşkilatının nizamnamə kapitalı da müəyyən edilir. Amma ƏMDK və Aztelekom” MMC-də kapital həcminin açıqlamaqdan imtina ediblər. Aztelekom-un korporativ saytında «maliyyə hesabatları» bölməsi var. Amma keçid (http://www.aztelekom.org/2400) boşdur.