XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2015 - 08:26

Qubad İbadoğlu: “Heç vaxt təsəvvür etməzdim ki, bu cür özəlləşdirmə modeli seçilsin”

qubad.jpg

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” (ABA) Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

Fərmana görə, ABB-nin problemli aktivlərinin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi yolu ilə həyata keçiriləcək.

Fərmanda qeyd olunur ki, ABB-nin restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda onun nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planı 6 ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim ediləcək və özəllədirmə də bundan sonra başlayacaq.

“Amma 6 ay nə zamandan hesablanacaq, onu fərmandan aydınlaşdırmaq mümkün olmur. Hələ mart ayında ABB-nin prezidenti Cahangir Hacıyev işdən çıxarılanda bankın özəlləşdiriləcəyi haqqında fikirlərimi mətbuatla bölüşmüşdüm. Amma heç vaxt təsəvvür etməzdim ki, bu cür özəlləşdirmə modeli seçilsin”, – iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində ABB-nin özəlləşdirməyə hazırlanması ilə bağlı prezident fərmanına münasibətini bildirib.

Ekspert yazır ki, bu fərmanla ABB-nin bütün problemli aktivləri və onun idarəedilmə hüququ bank olmayan kredit təşkilatına verilib.

“ABB-nin kiçik bir filialı qədər pul dövriyyəsi olmayan “Aqrarkredit” QSC-yə böyük həcmli və ciddi problemli aktivlərin idarə edilməsi hüququnun verilməsini saglam məntiqlə əsaslandırmaq mümkün deyil. Belə ki, bu ayın əvvəlinə “Aqrarkredit” QSC-nin cəmi aktivləri 29 milyon 521 min manat olub. Bu təşkilatın ABB-nin 100 milyonlarla borcunun idarə edib, geri qaytaracağı heç inandırıcı görünmür”, – Q.İbadoğlu qeyd edib.

O əlavə edib ki, adətən dövlət mülkiyyətində olan müəssisələri sağlamlaşdırmaq üçün özəlləşdirirlər.

“Amma bizdə əksinə ABB-nin əvvəlcə saglamlaşdırılması və sonra isə özəlləşdirilməsi nəzərdə tutulur. ABB-nin problemlı aktivlərini ondan ayırıb idarəetmə hüququnu təcrübəsiz bir təşkilata vermək, sonra isə Azərbaycanın ən iri bankını borclardan qurtulmuş formada özəlləşdirilməyin məqsədi artıq indidən bəllidir. çox güman ki, bu bankı da “Kapital Bank”ın taleyi gözləyir”, – o bildirir.

Hazırda ABB-də əmanətləri olan fiziki və hüquqi şəxslərin sayı 800 mini ötüb. çox güman ki, bu qədər böyük müştəri şəbəkəsinə malik olan bankın özəlləşdirməyə hazırlanması ilə bağlı fərman onlarda müəyyən narahatlıqlar yaradacaq.

“Bu halda ekspert kimi təklif edirəm ki, Mərkəzi Bank bu istiqamətdə yarana biləcək ajiotajın qarşısını almaq üçün təcili olaraq bəyanatla çıxış etməli və ABB-də olan əmanətlərin taleyinə aydınlıq gətirməli və ona təminat verməlidir”, – Q.İbadoğlu vurğulayıb