Gömrük statistikası ürəkaçan deyil – Daxili istehsal ilbəil niyə azalır?
Vahid Məhərrəmov,
Kənd təsərrüfatı mütəxəssisi
Xarici ticarətin gömrük statistikası açıqlanıb. Statistika göstərir ki, 2015-ci ilin ilk 6 ayında idxal mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 13.6% , o cümlədən yeyinti məhsulları idxalı 4,7 faiz artaraq ümumi idxalın 11,2 faizini təşkil etmişdi.
Artıq uzun illərdir ki, davamlı olaraq bir sıra ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalı artmaqda davam edir. Buna heyvandarlıq məhsullarından ət və kəsim üçün nəzərdə tutulan diri heyvanları da aid etmək olar.
Belə ki, ət idxalı ilə bağlı təqdim olunan statistikada artım göstərilməsə də əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı nəzərəçarpacaq dərəcədə artıb. Qeyd etməliyəm ki, keçən ilin 6 ayı ərzində olkəyə 25,6 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda bu il bu göstərici 12,9 faiz artaraq 28,9 milyon dollar təşkil edib. Onu da xatırladım ki, 2010- cu ilin beş ayı ərzində ölkəyə cəmi 1,6 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda son 5 il ərzində bu göstərici 18 dəfədən çox artıb.
Bu ilin ilk 6 ayı ərzində idxal olunan ətin dəyəri 10,3 milyon dollar təşkil edib. Qeyd olunduğu kimi bu göstərici 2014- cü ilin göstəricisindən 1 milyon dollara yaxın az olduğu göstərilib, lakin, bu o demək deyil ki, bu ilin 6 ayı ərzində əvvəlki ilə nisbətən ət idxalı azalıb. Əsasən kəsim üçün ölkəyə idxal olunan heyvanların dəyəri keçən ilin analoji dövrünə nisbətən 3,3 milyon dollar artdığını nəzərə alsaq ət idxalında da ciddi artım olduğu bəlli olar. Onu da qeyd edim ki, 2013-cü ilin ilk 6 ayı ərzində ölkəyə 8,8 milyon dollar dəyərində ət idxal olunmuşdu. Bu da indiki göstəricidən xeyli az idi.
Axı bu il “Kənd təsərrüfatı ili”dir
Son günlər hökumət məmurları rekord səviyyədə taxıl istehsal olunduğunu qeyd edir. Digər tərəfdən, həm də bu il ölkəyə rekord səviyyədə taxıl idxal olunub. Gömrük komitəsinin təqdim etdiyi statistikada bu ilin 6 ayı ərzində ölkəyə 187,5 milyon dollar dəyərində buğda idxal olunduğu və bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə 34,38% faiz çox olduğu göstərilir. Keçən ilin birinci yarısında ölkəyə 156,3 milyon dollar dəyərində dənli bitkilər idxal olunduğu halda, 2015-cü ilin 6 ayı ərzində bu göstərici 60 milyon dollardan çox artaraq 216,6 milyon dollar təşkil edib.
Uzun müddətdir ki, hökumət taxıl istehsalını artıracağı haqda vədlər verir. Hətta əvvəlki kənd təsərrüfatı naziri İ. Abasov KİV-də açıq şəkildə rəsmi bəyan etmişdir ki, konkret olaraq 2010-cu ildən başlayaraq Azərbaycan digər ölkələrə taxıl ixrac edəcək. Bu sahəyə büdcədən külli miqdarda vəsait ayrılır, buğda istehsalçılarına iki dəfə artıq subsidiya verilir. Lakin bu sahədə mövcud olan problemlər öz həllini tapmır. Hökumət taxıl istehsalına “diqqətini artırdıqdan” sonra bu sahədə idxala ciddi maraq yaranmağa başladı. Belə ki, 2000-ci ilin əvvəllərində ölkəyə il ərzində 600-650 min ton, yəni 68-69 milyon ABŞ dolları dəyərində buğda idxal olunduğu halda, indi gətirilən malın həcmi 2 dəfədən çox, dəyəri isə 5-6 dəfə artıb. Bugünlərdə ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatında 7,3 faizlik artım qeydə alındığını və bu göstəricinin son illər ərzində ən yüksək artım tempi olduğunu qeyd etdi. Paradoksdur, hər il kənd təsərrüfatında 5-6, hətta bu il 7,3 faiz artım qeydə alındığı halda, əsas kənd təsərrüfatı məhsulları idxalı da ilbəil artır. Son 6 ayda ölkəyə rekord həcmdə buğda idxalının həyata keçirilməsi və paralel taxıl istehsalı ilə bağlı “optimist” açıqlamalar vermək əslində vəziyyəti olduğundan yaxşı təqdim etmək məqsəd güdülür.
Bütün illərdə belə olub, kənd təsərrüfatı nazirliyi bu sahədə mövcud olan problemləri ört-bastır etmək üçün hər şeyin qaydasında olduğunu, buğdaya və digər məhsullara olan ehtiyacın daxili istehsal hesabına tam ödəniləcəyini vəd edir. ölkənin ərzaq buğdasına olan ehtiyacı 1,3 milyon ton olduğu halda, hər ildə ölkəyə 1,5 milyon tondan artıq buğda idxal olunmasını ehtiyacın çatışmayan 20 faizi kimi təqdim edirlər. Belə ciddi məsələyə dövlət məmurlarının qeyri-ciddi yanaşmaları, real göstəriciləri təhrif etmələri onlara yuxarıdan verilmiş tapşırıqla mümkün ola bilər. Məgər bu olkədə elə bir dövlət qurumu, institut yoxdur ki, idxal olunan 1,5 milyon ton buğdanın istehlakda payını hesablasın? Nazirlik əsas funksiyasını yerinə yetirə bilmədiyi üçün bu kimi məsələlərdə manipulyasiya ilə məşğul olur. Vəd vermək, vəziyyəti olduğundan yaxşı göstərmək isə adi hal alıb. Məmurların “rekord səviyyədə taxıl istehsal olub” deməsi də əbəs yerə deyil. Axı bu il “Kənd təsərrüfatı ili” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” -nın yekun ilidir. Düşünürəm ki, ölkə başçısı da, “bu artım, həm də ölkəmizdə elan olunmuş “Kənd təsərrüfatı ili” çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi kimi dəyərləndirilə bilər”deyərək bu kimi tədbirləri nəzərdə tutmuşdu. Hökumət yenə də “pripiska” ənənəsinə sadiq qaldı. İstehsalla bağlı rəqəmlərə əl gəzdirir, real göstəriciləri təhrif edərək özünə sərf edən şəkildə ictimaiyyətə təqdim edir. Ancaq idxalla bağlı göstəricilər və son zamanlar bir sıra kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətlərinin ciddi olaraq artması istehsalın azaldığını subut edən faktorlardır.
İxrac cəmi 2 faiz artdığı halda, idxal 2,4 dəfə artıb
Bu ilin 6 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı cəmi 2 faizə qədər artdığı halda, eyni qrupa aid olan məhsulların idxal dəyəri 144 faizdən çox artıb. Keçən ilin yanvar-iyun ayları ərzində 15 milyon dollar dəyərində ölkəyə meyvə-tərəvəz idxal olunduğu halda, bu ilin 6 ayı ərzində bu göstərici 2,4 dəfə artaraq 36,7 milyon dollar təşkil etmişdi.
Statistik məlumata görə yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 325 faiz artıb. Keçən ilin anoloji dövründə bu qrupdan olan malın idxal dəyəri 5,3 milyon dollar olduğu halda, bu il 4,2 dəfə artaraq 22,7 milyon dollar təşkil edib.
Digər mal qrupları üzrə də, misal üçün, bəzi yeməli meyvəköklülər və kök yumruları – 45%, Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası 22 %, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər – 20,93%, Müxtəlif ərzaq məhsulları – 31.39%, zülal tərkibli maddələr; mod
ifikasiya olunmuş nişastalar; yapışqanlar; fermentlər keçən ilin müvafiq dövrünə nisbətən 29 faiz artıb.
ümumiyyətlə, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, Azərbaycanın ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatı idxaldan aslı vəziyyətdə qalıb. İdxalda marağı olan dövlət məmurlarının maraqlarına uyğun olaraq bu aslılıq get –gedə artmaqda davam edir. Daxili bazarda özünə yer tapa bilməyən yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Elə bu kimi səbəbdən də kənd təsərrüfatı məhsulları istehsalı ilbəil azalır.