XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 13:14

Bu il dünyada “rus çörəyi” yeyənlər çox olacaq –Dünya taxıl bazarında Rusiya lider mövqeyə çıxır

taxil-bugda

Dünya taxıl bazarında Rusiya lider mövqeyə çıxır. Belə ki, istər ixrac baxımından, istərsə buğdanın keyfiyyəti baxımından 2016-cı il Rusiya üçün uğurludur.

“Bloomberg” də təsdiqləyir ki, son dörd ayda Rusiya buğdasının qiyməti (təxminən 170 dollar) artıq ən yüksək göstəriciyə yetişib.

Müqayisə üçün qeyd edək ki, bu il leysan yağışları və soyuq hava nəticəsində Fransa taxılı beynəlxalq bazarlarda dəyərini itirib. ABŞ-a gəlincə, onun da buğda ixracı aşağı düşüb. Rusiyanın digər avropalı rəqibi olan Ukrayna taxılının da qiyməti yüksəkdir – bir tona 172 dollar.

“UkrAgroConsult”un məlumatına görə, Ukrayna buğdasının dəyəri ardıcıl olaraq dördüncü həftədir ki, artır. Odur ki, dünyanın “çörək təminatında” bu iki ölkənin payı böyük olacaq.

Fransa – Avropa Birliyinin ən böyük buğda istehsalçısı mövqelərini bu il itirib. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyi məhsulun 30%-inin itirildiyini açıqlayıb. Ötən il 41 milyon ton taxıl yığılmış Fransada 2016-cı ildə bu göstəricinin 28,7 milyon tona düşməsi gözlənilir. Bu da Avropa Birliyində buğda ixracının 5,1 milyon ton, yəni 60% azalması deməkdir.

Fransanın yaxın qonşusu Almaniyanın ixracda onu ötməsi ehtimalı vardı. Lakin yağışlar Almaniyada da dənli bitkilərin yığımına təsir edib. Bəzi bölgələrdə məhsulun yalnız üçdəbiri toplanıb. Buğdanın keyfiyyətinə gəlincə, o, arzuolunan səviyyədə deyil.

“Financial Times” da qeyd edir ki, Fransa və ABŞ-da ciddi problemlər Rusiyanın dünyanın ən böyük buğda ixracatçısı olmasına imkan yaradır. Bu il Rusiya fermerlərinin xaricdə 30 milyon ton taxıl satması gözlənilir.

Ümumi buğda məhsulu isə, proqnozlara əsasən, təqribən 70 milyon ton təşkil etməlidir. Əsas alıcısı Yaxın Şərq və Şimali Afrika ölkələri olan Rusiya buğdasının idxalçıları arasında bu il Körfəz ölkələri də ola bilər.

Hətta Amerika buğdasının əsas alıcılarından olan Meksika və Cənubi Afrika Respublikasının Rusiya taxılının idxalına keçidi gözlənilir. Bu yaxınlarda Banqladeş də rus taxılının alınması barədə müqavilə imzalayıb.

Cari ildə Azərbaycanda 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Məhsulun yığım göstəricisi ötən illərlə müqayisədə çox olsa da, buğdanın keyfiyyəti çox aşağıdır. Ölkənin buğda tələbatı isə 1,5 milyon ton civarındadır. Azərbaycan Rusiya və Qazaxıstan taxılının əsas alıcılarındandır.

Yeri gəlmişkən, Qazaxıstanda hazırda artıq 2 milyon ton taxıl yığılıb.

M.Rzasoy