“Rusiya Ukraynadan canını qurtarmaq istəyirsə,Türkiyəyə möhtac olacaq” – Ekspert
“Türk axını” layihəsi ilə bağlı müzakirələr kəskinləşir. Türkiyə Rusiyanın təklifi ilə razılaşmadığını deməklə münasibətlərə daha sərt şəkildə gərginlik gətirib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Qazprom” şirkəti ilə Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya çatdırmalı olan “Türk axını” layihəsinə dair danışıqları şərh edərkən mühüm açıqlama verib. “Moskva bizi yalnız tranzit ölkə kimi görür. Bunun bizim üçün heç bir mənası yoxdur. Biz birgə ixrac sisteminin yaradılmasında maraqlıyıq”,- deyə o vurğulayıb.
T.Yıldız bu məsələyə dair razılaşmanın əldə olunduğunu bildirib. Amma əlavə edib ki, Rusiya bu məsələdə geriyə addım atıb. Türkiyəli nazirin sözlərinə görə, “Türk axını” həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verməlidir: “Biz maraqlarımıza təhdid yaradan güzəştlərə heç vaxt razı olmayacağıq”.
T.Yıldız əlavə edib ki, bu problem yalnız qaza görə güzəştlərin verilməsi ilə həll oluna bilməz.
Nazirin sözlərinə görə, ölkə “Türk axını” layihəsinin həyata keçirilməsi məsələsində “Qazprom”a güzəşt etməyəcək.
Qeyd edək ki, bir müddət əvvəl, “Türk axını” dəniz qaz kəmərinin Rusiyadan Türkiyənin qərbinə ilk qolu 2016-cı ilin sonlarında işə salınacağı bildirilib. O Türkiyənin qərbinin Ukrayna tranziti yerinə təchiz edilməsinə yönələcək. Növbəti üç qol mərkəzi və cənubi Avropa ölkələrinə qaz ixracının Ukrayna tranziti ilə əvəz olunması üçün nəzərdə tutulub. Qaz kəmərinin gücünün ildə 60 mlrd. kubmetrə qədər təşkil edəcəyi nəzərdə tutulurdu. “Türk axını”nın tikintisi barədə qərar 2014-cü ilin dekabrında bağlanmış “Cənub axını” layihəsi üzrə işlər dayanandan sonra qəbul olunub. Bu kəmərin illik ötürmə gücü 60 milyard kubmetr təşkil edəcək.
Ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, əslində Türkiyə ilə Rusiya arasında qaz məsələsində ciddi, hətta kifayət qədər kəskin dialoqun mövcudluğu bir ticarət anlaşmasında üstün mövqelərin qazanılmasına xidmət edir:
“Türkiyə anlayır ki, Rusiya Ukrayna üzərindən qazının böyük bir hissəsinin Avropaya nəqlində maraqlı deyil və bu marşrutu dəyişmək istəyir. Bununla həm Ukrayna qarşıdurmasında bu ölkəyə iqtisadi zərbə vurmağı düşünür. Həm də gələcəkdə Ukraynadan asılılığını azaltmağa çalışır. Bunu Türkiyə çox gözəl başa düşür və Rusiyanın bu istəyini maksimal dərəcədə özünə sərf edən şərtlər daxilində həyata keçirməyə üstünlük verir. Yəni Türkiyənin istədiyi tək tranzit ölkə olmaq deyil. Əlbəttə ki, Taner Yıldız tranzitdən heç bir xeyir götürməmək deməklə tam həqiqəti söyləməyib. Tranzit ölkə kimi Türkiyə kifayət qədər xeyir götürəcək. Amma söhbət ondan gedir ki, Türkiyə tək tranzit ölkə olmaq istəmir. Rusiyadan aldığı qazın bir hissəsini özü satışa çıxarmaq imkanlarını qazanmaq istəyir. Burada mənə elə gəlir ki, Türkiyə ilə Rusiya arasında çəkişmənin əsas məqsədi bundan ibarətdir”.
Ekspertin sözlərinə görə, Rusiya isə Türkiyəni ancaq tranzit ölkə kimi düşünür və öz qazını Türkiyə-Avropa sərhədində, sonra qaz mərkəzində türk şirkəti tərəfindən Avropa ölkəsinə satılmasını və müqavilələrin bağlanmasını istəyir:
“Burada hər iki tərəfin öz ciddi maraqları var. Danışıqların da belə kəskin olması bu maraqların təminatına xidmət edir. Düşünürəm ki, hər iki ölkəyə sərf edən kifayət qədər böyük məqamlar var orada. Sonunda anlaşacaqlar. Rusiya da Ukraynadan canını qurtarmaq istəyirsə, obrazlı desək, Türkiyəyə möhtacdır və Türkiyə üzərindən bu işi görməlidir. Ona görə də hər iki tərəfin kəskinliyi kifayət qədər güzəşt qoparmağa hesablanmış addımlardır. Ona görə də “Türk axını”nın gələcəkdə realizə olunması şansı kifayət qədər yüksəkdir. Dediyim kimi, hər iki ölkəyə ciddi şəkildə sərf edən məsələlər var. Türkiyə bu səbəbdən danışıqlarda daha kəskin mövqe qoyub. Düşünürəm ki, bu kəskin mövqenin qoyulmasının əsas məqsədi çox güzəşt qoparmağa çalışmaqla bağlıdır. Anlaşma da çox güman ki, olacaq”.