“Mərkəzi Bank öz buraxdığı manatı elan etdiyi rəsmi məzənnə ilə almaq istəmirsə, deməli, bunu əlverişsiz hesab edir. Əlverişsiz hesab edirsə, deməli, manatın həqiqi dəyəri elan edildiyindən aşağıdır. Bir sözlə, rəsmi məzənnənin heç bir mənası yoxdur. Elman Rüstəmovun manatın üzərindəki imzasının mənası kimi”.
Strateq.az bildirir ki, bu sözləri bank məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov yazıb.
Onun sözlərinə görə, Mərkəzi Bankın rəhbəri həm hüquqi, həm də mənəvi cəhətdən imza edən imzasının arxasında durmalıdır. Sözünün də arxasında durmalıdır.
“Amma Rüstəmov nə ötən ilki devalvasiyalar qabağı verdiyi sözünü tutdu, nə imzasının arxasında durur, nə də elan etdiyi qiymətlə manatı almır. Manatı buraxana manat lazım deyilsə, başqalarından nə gözləmək olar? Manatı buraxan dolayısı ilə onun rəsmi məzənnəsinə etimad etmirsə, başqaları necə etimad etsin? Belə şəraitdə qara bazar necə yaranmasın axı? Həmin bazar bilavasitə Mərkəzi Bankın hərəkəti nəticəsində yaranıb. Kim bilir, bəlkə də istəyi ilə…”
Ekspert banklara təklif edilən dollar hərracı ilə bağlı bəzi məqamları açıqlayıb: “Banklarımız dollar satmır. Bunu başqa cür də demək olar: banklarımız manat almır. Çünki müştəri üçün manat müqabilində dollar alışı bank üçün dollar müqabilində manat alışıdır. Eyni ilə Mərkəzi Bankın da tələbata uyğun banklara dollar satmamasını belə ifadə etmək olar: Mərkəzi Bank ona təklif olunan manatın hamısını almır. Və əgər bankları hardasa başa düşmək olarsa (1. dolları azdır; 2. ümumiyyətlə, sahibkar olaraq hər hansı əqdi bağlayıb-bağlamamqda sərbəstdir), Mərkəzi Bankın bu mövqeyini başa düşmək mümkün deyil”.
Ekspertin fikrincə, Konstitusiyamızın 19-cu maddəsinə əsasən pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. “Yəni manat Mərkəzi Bankın buraxdığı əşyadır, maldır, əmtəədir. Nə qədər istəyir, o qədər də buraxır. Buna görə də qiymətini də özü müəyyən edir. Həmin qiymət o cümlədən xarici valyutalara nisbətdə rəsmi məzənnədir. Yəni Mərkəzi Bank deyirsə ki, 1 dollar 1,6403 manatdır, deməli elan edir ki, 1,6403 manatı 1 dollara almağa hazırdır (yaxud da 1 dolları 1,6403 manata satmağa hazırdır – fərqi yoxdur). Hüquqda buna “ümumi oferta” (yəni "ümumi təklif") deyilir və Mülki Məcəlləmizin 408.7-ci maddəsində nəzərdə tutulub: “Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”.