SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək. Təxminən 3-6 aydan sonra isə zavod tam gücünə, yəni illik 10 milyon ton neft emalı səviyyəsinə çatdırılacaq.
Azərtac xəbər verir ki, bu barədə İzmirdə azərbaycanlı jurnalistlər ilə keçirdiyi görüşdə "Star" neft emalı zavodunun baş direktoru İbrahim Palaz deyib. O bildirib ki, 2017-ci ilin sentyabrında zavodun mexaniki işləri tamamlanacaq. Sonra bir neçə ay sınaq prosesi aparılacaq.
"İndiyədək "Star" layihəsinə 3 milyard dollar xərclənib. Bunun 2,2 milyard dolları SOCAR, qalan 800 milyon dolları isə xarici banklar tərəfindən sərf edilib. Bu da o deməkdir ki, layihədə istifadə ediləcək maliyyə vəsaitinin 64 faizi artıq xərclənib. Kreditlər ödənildikdən sonra isə zavod 100 faiz SOCAR-a məxsus olacaq. Zavod istifadəyə verildikdən sonra "Star"ın bazar dəyərinin təxminən 10 milyard dollar olacağı nəzərdə tutulur", – deyə İ.Palaz əlavə edib.
Baş direktor qeyd edib ki, "Star" coğrafi olaraq Türkiyənin əlverişli regionunda və ölkənin ikinci ən böyük bazarının mərkəzində yerləşir. Hazırda Türkiyə 55-60 faiz neft məhsulları idxal edir. Zavod həmçinin "Petkim"in naftaya olan tələbatını ödəyəcək. Bu o deməkdir ki, artıq "Star"ın istehsal edəcəyi nafta məhsulunun 100 faizinin alıcısı var.
"Star" zavodu üçün hazırda 3 liman inşa edilir. Bunlardan birincisi xam neftin qəbul ediləcəyi limandır. Həmin liman bu ilin sonuna tam hazır olacaq. Zavodda istehsal ediləcək məhsulları satmaq üçün istifadə olunacaq digər iki limanın tikintisi isə gələn ilin avqust-sentyabr aylarında tamamlanacaq", – deyə İ.Palaz bildirib.
Qeyd edək ki, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorda həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildə reallaşdırılan ən böyük özəl sektor layihəsidir. Zavodun qurulmasında əsas məqsəd “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsal edilməsidir. “Star”ın məhsullarının Aralıq dənizi və Cənubi Avropa ölkələri bazarlarına ixracı nəzərdə tutulur. Zavodun xammalı orta-ağır və açıq-boz xam neft, əsas məhsulları isə dizel və nafta olacaq. “Star”ın istehsal gücü ildə 10 milyon ton (240 min barrel/gün) xam neft təşkil edəcək. Artıq zavodun tikintisinin ümumilikdə 75 faizi tamamlanıb və hazırda işlər qrafik üzrə davam etdirilir.
“Star” layihəsinin dəyəri ümumilikdə təxminən 5,7 milyard ABŞ dollarıdır. Bu məbləğin 3,3 milyard dollarlıq hissəsi İspaniyanın “CESCE”, Yaponiyanın “JBIC” və “NEXI”, Koreya Respublikasının “K-Sure”, İtaliyanın “SACE” və ABŞ-ın “US Exim” kimi iri kredit təşkilatlarından borc kapitalı, qalan hissəsi isə səhm kapitalından təşkil olunub. Layihə özünü maliyyələşdirir və borclar zavod işə düşdükdən sonra “Star” tərəfindən geri ödəniləcək.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR-87 faiz, “Goldman Sachs”-13 faiz.