SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.” bazar dəyəri hazırda 2,3 milyard ABŞ dolları təşkil edir.
Azərtac xəbər verir ki, bunu İzmirdə azərbaycanlı jurnalistlər ilə keçirilən görüşdə “Petkim PetroKimya Holding A.Ş.”nin baş icraçı direktoru Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, “Petkim” hazırda Türkiyənin neft-kimya sektorunda yeganə istehsalçıdır. Kompleksdə 15 əsas və 6 köməkçi zavod fəaliyyət göstərir. "Petkim"in illik istehsal gücü 3 milyon tondur. Gələcəkdə bu həcmin mərhələli şəkildə artırılması planlaşdırılır. Burada istehsal edilən məhsullar 30-dan çox ölkəyə ixrac edilir. Kompleksin gələcəkdə SOCAR-ın ən uğurlu layihəsi olmaq potensialı var.
"Bu ilin ilk yeddi ayında "Petkim"ə 87 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 57 milyon dollar olub. İnvestisiya qoyuluşunun artmasına səbəb kompleksin ərazisində 51 meqavat gücündə külək elektrik stansiyasının (KES) tikintisidir. KES-in gələn il istifadəyə verilməsi planlaşdırılır. Həmçinin hazırda "Star" neft emalı zavodu ilə "Petkim" arasında inteqrasiya yaradılır və müəyyən infrastruktur qurulur", – deyə A.Məmmədov bildirib.
O əlavə edib ki, "Petkim" 80 milyon dollar dəyərində çox sərfəli şərtlər ilə və 9 illik kredit cəlb edib. Bu vəsait "Petlim" konteyner limanının inkişafına sərf olunur.
"Türkiyədəki son proseslər "Petkim"in performansına mənfi təsir etməyib. Əksinə holdinqin səhmləri İstanbul Birjasında maksimuma çatıb. Bu da səhmdarların inamının göstəricisidir", – deyə baş icraçı direktor vurğulayıb.
Qeyd edək ki, 2008-ci ildə SOCAR “TURKAS” şirkəti ilə birgə “Petkim”in alınması üçün müraciət edib. “Petkim”də “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) təxminən 58 faizlik hissəyə sahibdir. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. “SOCAR Turkey Enerji A.Ş.” şirkəti neft emalı, neft–kimya, energetika, logistika və daşıma inteqrasiyasına əsaslanan sahələri dəstəkləyir. Hazırda STEAŞ Türkiyənin ən böyük xarici investorudur.
STEAŞ-ın səhmdarları belədir: SOCAR-87 faiz, “Goldman Sachs”-13 faiz.