"Dünya iqtisadiyyatı irəliyə, Azərbaycan iqtisadiyyatı isə geriyə gedir".
Strateq.az xəbər verir ki, bu fikirləri tanınmş iqtisadçı, ADR Hərəkatını sədri Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin ölkədə ÜDM-lə bağlı açıqladığı rəqəmlərə münasibət bildirərəkən özünün facebook səhifəsində yazıb.
Q.İbadoğlunun fikrincə, 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadaki inkişafdan geri qalacaq: "Dövlət Statistika Komitəsinin (DSK) bu ilin ilk 8 ayına olan son məlumatlarına görə, ölkədə ÜDM 3,1 faiz, o cümlədən qeyri-neft ÜDM-i daha çox 5,8 faiz kiçilib. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2016-cı ildə Azərbaycanda iqtisadi eniş 2,4 faiz olacaq. BVF-nin digər proqnozuna görə, 2016-cı ildə dünya iqtisadi orta hesabla 3,1 faiz, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,8 faiz, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı isə 4,1 faiz böyüyəcək. Beləliklə də, 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadaki inkişafdan geri qalacaq".
Q.İbadoğlu daha sonra BVF-nin hesablamalarına əsaslanaraq, Azərbaycanda son iki il ərzində ÜDM-in həcminin nə qədər azalacağını da proqnozlaşdırıb və buna nələrin səbəb olduğunu da açıqlayıb: "BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən (75 milyard 254 milyon dollardan) 2,1 dəfə və ya 39 milyard 568 milyon dollar azdır. Bu o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalacaq. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasında daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eyni ilə bizdəki kimi…".