Türkiyə təkcə Qərbdə deyil, həm də bölgənin bütün ölkələrində hər cür təsirini itirib
ABŞ Suriyadakı müharibənin dördüncü ilində Əsədin tərəfinə keçdi.
Ankara ilə münasibətlətin soyuqlaşması fonunda əvvəlcə MKİ başçısı Con Brennan, sonra isə dövlət katibi Con Kerri Əsədlə danışıqlara yaşıl işıq yandırdılar. ABŞ dövlət departamenti təmsilçisinin müavini Harf iddia edir ki, “Bizim Suriya üzrə siyasətimiz dəyişilməyib”, lakin belə durumda bu sözlərin çəkisi azdır.
ABŞ-ın Suriya siyasətində dönüş dünən başlanmayıb…
Vaşinqton Suriyaya görə mövqeyini 2013-ün payızında dəyişməyə başladı. Kimyəvi silahla insident və “qırmızı xətti keçdiyinə” görə artıq Əsədi bombalamağa hazırlaşan Obama gözlənilmədən bu planları gündəmdən çıxartdı. Suriya üzrə siyasətdə Vaşinqtonla Ankaranın münasibətlərini əməlli-başlı gərginləşdirən əsas çat da məhz bu məqamda yarandı.
Brennanla Kerrinin hələ bu yaxındakı bəyanatlarına qədər ötən yanvarda New York Times-da açıq şəkildə yazmışdılar ki, “ABŞ əvvəlki Suriya siyasətindən uzaqlaşıb, Vaşinqton isə ilkin şərtdən – Əsədin hakimiyyətdən getməsindən səssizcə imtina edib”.
“Əsədsiz Suriyanı daha böyük hərc-mərclik və radikalizm gözləməsi” barədə xəbər verən nəşr qeyd etmişdi: “Müxalifətlə çıxılmaz vəziyyətə, İŞİD-in yüksəlişi və Suriyadakı humanitar böhrana görə ABŞ ləng dəyişikliklər yolunu seçir”.
Türkiyə problemə çevrilir
Kerri və Brennan, təxminən, hazırda New York Times-ın iki ay əvvəl dedyinicə deyirlər. Əsəd rejiminin çökməsi halında Suriyada qüvvə vakuumu yaranacağı barədə qorxunu ifadə edən Brennan qeyd edir: “İŞİD-in Dəməşqə necə girəcəyini görməyi hər şeydən az istərdik!”
Sonra davam edir: “Nə Rusiya, nə ABŞ, nə koalisiya qüvvələri, nə də bölgə ölkələri hökumətləri Dəməşqdəki siyasi güclərin kollapsını görmək istəyərdi”.
Həm də bunu özünün ABŞ və İranın İŞİD-lə mübarizədə oxşar maraqları olması haqda ifadəsindən sonra deyir.
Hesab etmək olarmı ki, Yaxın Şərq şahmat lövhəsində durum dəyişilib? Bəli, axı bunu “Əsədlə danışıqlara girmək üçün fəal cəhdlərin və problemin hərbi deyil, siyasi həlli axtarışının zəruriliyi” haqda Kerrinin sözləri də təsdiq edir. Deməli, Əsəd artıq Vaşinqton üçün problem deyil, … həllin tərkib hissəsidir!
Bütün dünya … ABŞ, Rusiya, İran, bölgə ölkələri (İsrail, Misir…) “Əsədlə həllin” yanında çiyin-çiyinə durub.
Ankaradan başqa!
çavuşoğlunu ilk çılğın bəyanatlarından görürürk ki, Ankara özünün “Əsədlə? Heç vaxt!” xəttindən bir qarış da aralanmayıb. çavuşoğlu sarsılmazdır: “Əsədlə nədən danışmaq olar?”
Belə təəssürat yaranır ki, Suriya lideri problem olmaqdan sovuşunca Türkiyə problemə çevrilib…
“Düşmən dost”
Siz ABŞ-ın “geri” addımlar atdığını seyr edənə kimi, güman ki, elə həmin vaxt New York Times-da dərc edilmiş “Türkiyə NATO-dan uzaqlaşır” adlı məqalə diqqətinizi çəkdi…
Ərdoğan avtoritarizmi xüsusunda, çin raketlərinə nisbətdə və Suriya sərhədinə nəzarətin olmamasında Ankaranın mövqeyi barədə narazılıq səsləndirilmiş məqalədə müəlliflər Türkiyənin Qərblə münasibətlərindəki çatlara işarə edirlər. Son iki il ərzində bu sütunda (Nilgün Cərrahoğlu “Cümhuriyet”-in məşhur köşə yazarıdır – red.) daim barəsində danışdığım bu “yadlaşma” o həddə çatıb ki, bəzi müşahidəçilər dost (“friend”) və düşmən (enemy) sözlərinin bitişməsindən əmələ gəlmiş “düşmən dost” (frenemy) istilahından istifadə etməyə başlayıblar.
New York Times-dakı məqalə təsdiq edir: Türkiyə Qərb üçün “düşmən” olmasa da, lap zəhlətökən “mədə ağrısı” olub.
Ərdoğan-Davudoğlu duetinin “strateji dərinliyinə” və “qonşularla sıfır problem”inə, onun səpdiyi bu kürəsəl tənhalığa diqqət yetirin.
Biz bura nə üçün gəlib çıxdıq? Hansı üstünlüyü, hansı səmərəni əldə etdik? Türkiyə təkcə Qərbdə deyil, həm də bölgənin bütün ölkələrində hər cür təsirini itirib.
“Bölgəsəl dövlət olmaq” iddiaları sındırılıb. Biz Qərblə Şərq arasında “körpü” olmaq funksiyasını itirmişik.
Suriyadakı dördillik müharibə Türkiyənin xarici siyasətinin tam iflasına tən gəldi.
Nilgün Cərrahoğlu, (“Cümhuriyet”, 18.03.2015, Türkiyə)
çevirən – Fərzuq Seyidbəyli