Bu gün dünyada 7 bağımsız türk respublikasının hər biri səni özünə dayaq bilir, arxa sanır, böyük qardaş olaraq görür. Bağımsızlıq yollarında daha çox yol keçdin, daha çox təcrübə qazandın deyə. Sovetlər dönəmində imperiya müstəmləkəsi olan Azərbaycan, Özbəkistan, Qazaxstan və Türkmənistan sənin mövcudluğunla təsəlli tapdı. Yetmiş il türk bağımsızlığı, türk adı sənin timsalında yaşadı və tanındı. Təkcə adın belə fərəh dolu yaşam üçün yetərli idi. Sən dost deyilsən, özbəöz qardaşsan. Eyni dədənin torunlarından birisən. Sən dünyanın bütlərə tapındığı ən əski çağlarda sonsuz kainatın yaradıcısı olduğuna və bu yaradıcıya Tanrı ismini verən ulu xaqanların bu günki varislərindən birisən. Bu ulu xaqanlar min illər öncə ən uca sandığı dağa Tanrı dağı dedi. Özünü yüksək ideallara xidmət etməyə borclu sandı. Bu anlamda özünü “Tanrının milləti” sandı, məzlumun yanında oldu, zalımın qarşısında isə “Tanrının qırmancı” oldu. Daşlar üstə yazılan tariximiz, şamanların dilindəki dualarımız Tanrı və millət sevgisindən yoğruldu. Başqaları yaxın tarixdə mərhəmət dərsi keçməyə başlayanda, özlərinə Tanrı milləti deyəndə, Allahdan başqa ilah yoxdur – söyləməyə başlayanda sənin ulu babaların min illər öncə zatən mərhəməti və ədaləti ilə Tanrının milləti olmağın örnəyini yaradırdı, Göy (Qutsal) Tanrının varlığına tapınırdı. Sən bu ulu millətin varislərindən birisən. Həm də digər varislərin sayğı duyduğu, diqqət umduğu varissən.
Sən 8-ci yüzillikdə -hələ türk millətinin bölünmədiyi, bütün olduğu dönəmdə – indiki Qırğısıztan torpaqlarında, Talas savaşında özgür ruh sahibi olduğunu bir daha təsdiqlədin. 11-ci yüzillikdə Səlcuq soyundan olan Alparslanın timsalında Malazgird savaşı ilə Batı dünyasını lərzəyə saldın, bir daha Özün olduğunu bəlli etdin və bu günki Türkiyənin özülünü qoydun. 1453-cü ildə 21 yaşlı Sultan Mehmet Fatehin timsalında fatehlik yetənəyini itirmədiyini göstərdin, 16-cı yüzillikdə Mohaç savaşında Möhtəşəm olduğunu isbatladın. Bu yüzillik məhz sənin şərəfinə tarixə “Möhtəşəm yüzil” olaraq keçdi. 20-ci yüzillikdə tarixin sinəsinə Çanaqqala zəfərini yazdın, yadlar səni bitirmək istəyəndə isə Qurtuluş savaşı ilə yenidən doğuldun.
Yenildiyin savaşlar da oldu. Bu yenilgələr daha çox özünlə savaşanda oldu. Bu, savaşlar 1402-ci ildə Əmir Teymurla apardığın savaş və 1514-cü ildə Şah İsmayılla döyüşün idi. Bu savaşlarda qazanan tərəf türkün varlığından rahatsız olanlar oldu. Ona görə yox ki, iki müsəlman dövləti bir-birilə savaşmışdı. Ona görə ki, savaşan tərəflərin hər ikisi türk idi. Türk bölünmüşdü, parçalanmışdı. Artıq onun yüksəliş şansı yox idi. Qazanan bu birliyi pozmağı bacaranlar – Vatikanda yeddi gün bayram zəngləri səsləndirənlər idi. Yadlarla savaşda da yenildiyin oldu. Bu o zaman oldu ki, qarşı tərəf özünə sahib çıxmağı, birlik olmağı bacardı. 1529-cu ilin uğursuz Vyana savaşı kimi. Zəfər qazananda da, yeniləndə də, minlərlə, on minlərlə, bəzən yüz minlərlə qurban verdin. Zəfərində məncil olmadın, yenilgəndə bitmədin, tükənmədin, yenidən var oldun. Şəhidlərin adını sayğıyla andın, qürur duydun, fərəh yaşadın. Lakin, heç zaman ağı deyib dizinə çırpmadın, başına döymədin, qaraya bürünmədin. Əski gələnəyi yaşatdın – böyüklüyünü, özümlüyünü qorudun. Bəs, nə baş verdi də birdən birə dəyişdin, dünyasını dəyişən bir ərəbin ölümünə ağı deməyə başladın, qara geydin, bayraqları endirdin?! “O sıradan biri deyildi”, eləmi?! İslamın şeyxi, ərəbin kralı idi, eləmi?! O zaman soru yaranır: İslamda irqi və dini ayrıseçkilik varmı? İslam krala ayrıcalık tanıyırmı? İslam “hər kəs Tanrı qarşısında bərabərdir” – demirmi? Doxsan ildən artıq yaşayan, onbeşdən artıq arvadı olan, milyardlarla varidatı olan bir ərəb daha nə qədər yaşamalı, neçə dəfə evlənməli və daha nə qədər varidat toplamalı idi ki, o öləndə türkün bayrağı enməsin?! Ayrıca, İslam dinində möminlər cənnətlə müşdələnmirmi? Yoxsa ərəb kralının mömin olduğuna şübhənmi var və onun o dünyada cənnətə getməyəcəyindənmi rahatsız olub qara geydin?! Fələstində öldürülən insanlara ağladın, Misirdə və Liviyada çevrilişdə qurban gedən insanların halına yandın, Suriyadan, İraqdan qaçqın düşən ərəblərə qucaq açdın… Sayğı duyuram. Din ortaqlığın var, insan ortaqlığın var. Əzilənin yanında, əzənin qarşısında olmaq istədin. Niyyətini alqışlayıram. Amma…
Amma nədən min illik din ortaqlığını gözardı etmədin də yüz min illik soyortaqlığını unutdun? Qanı qanından, kökü kökündən olanları unutdun? Əgər sənin üçün milli kimlik anlayışı bitdisə və yalnız dini kimlik önəmlidisə o zaman islam dininin “qohumlarınıza, əqrəbalarınıza sahib çıxın, dayaq olun” əmrinə əməl et, soydaşlarının yanında ol. Əgər milli kimlik hələ də önəmlidisə, o zaman İraqda əzilən türkmənlərə, Çində assimilyasiyaya uğradılmaqda olan uyğurlara, doğal haqlarına sahib ola bilməyən, bunu istədikdə isə həbsə atılan, dara çəkilən Güney Azərbaycan türklərinə, rusiyada dili unutdurulmağa çalışılan başqurdlara, tatarlara, Maldoviyada türk dünyasından təcrid durumda çapalayan qaqauzlara, 20-ci yüzilliyin ən başıbəlalı insanları, bu gün də başı dərddə olan Kırım türklərinə sahib çıx, dayaq ol. Az qala İranda hər gün edam olunan Azərbaycan türkləri üçün bayraq endirdinmi?! Rusiya Kırımı işğal edəndə birgünlük matəm elan etdinmi? Əski türk torpağı – Kərkük başqalarının əlinə keçəndə, türkmən soydaşlarımız öldürüləndə və sürgün olunanda necə- ağı dedinmi?! Yoxsa, bir ərəbin canı bütün türk dünyasının canından daha qiymətlimi? Sən kimin parçasısan, Türkiyə?! Ərəbinmi, türk dünyasınınmı?!
Nooldu sənə, Türkiyə?!
Namiq Hacıheydərli
25 yanvar 2015