XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Oktyabr 2016 - 14:42

Binəqədidə yanan binaya görə təqsirləndiriləninvəziyyəti ağırlaşır

Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi məhkəmə davam edib. 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov vəsatət verib.  O, çıxışında bildirib ki,  A. Məmmədovun oktyabr 10-da xəstəxanaya yerləşdirilib: “Müdafiə etdiyim şəxsdə ürək çatışmamazlığı var. Hazırda xəstəxanada müalicə alır. O, sərbəst gəzə bilmir, şəkərli-diabet xəstəsidir.  Dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib.  Bununla bağlı məhkəmə təcili tibbi yardım maşını çağırılıb.  Ona tibbi yardım göstərilməsinə baxmayaraq səhhəti yaxşılaşmayıb.  Ağacavadın vəziyyəti daha da ağırlaşıb. Hakimin göstərişi ilə başqa bir həkim briqadası çağırılıb".

Vəkil müdafiə etdiyi şəxsin barəsində komission məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib.

Hakim vəsatəti baxılmamış saxlayıb.  Əfqan Hacıyev bildirib ki,  Ağacavad Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: “Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır.  Bunu verilən ekspertiza rəyinə əsasən deyirəm.  Amma onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə müalicə olunur. Təklif edirəm ki,  Ağacavad Məmmədovun barəsində  olan ev dustaqlığı qəti imkan tədbirinin həbs qəti imkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin".
 
 Daha sonra Ağacavad Məmmədovun vəkili buna etiraz edib.
 
Dövlət ittihamçısı Fərid Nağıyev hakimin Ağacavad Məmmədovun barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib. 
Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, mühakimə olunan şəxsin barəsində həbs qərarının çıxarılması düzgün deyil.
 
Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki,  Ağacavad Məmmədovun həbs edilməsinin əleyhinə olub: "Adam bu yaşında psixoloji təsirlərə məruz qalıb.   Onun həbs edilməsi ağır nəticələrə səbəb olacaq. "TNH" şirkətində tikinti işləri üzrə direktor müavini  Nüsrət Muxtarov təcridxanada vəfat edib.  Günahsız yerə mühakimə olunuruq.  Günahsız insanın mühakimə olunması daha da acınacaqlıdır.  Ağacavad Məmmədov da günahsız yerə mühakimə olunur.  Bu gün bir günahsız insanın barəsində həbs qərarı çıxarmaq istəyirsiz".

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar.  Müşavirədən qayıdan hakimlər Ağacavad Məmmədovun qəti imkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul ediblər. 

Proses oktyabrın 24-də davam edəcək.