Arzu Nağıyev: “Bu gün artıq belə bir plan var, düşünürəm ki, buna gücümüz yetərlidir”
Elşən Həsənov: “Bu, Azərbaycanın ev sahibliyi edəcəyi ilk böyük tədbir deyil”
Sayılı günlərdən sonra Azərbaycan böyük bir idman tədbirinə ev sahibliyi edəcək. Təbiidir ki, buna dostlarımız sevinir, düşmənlərimiz isə paxıllıq edir. İndidən Azərbaycana qarşı bu istiqamətdə antitəbliğat aparılır. Eyni zamanda, Azərbaycan bu məsuliyyəti üzərinə götürməklə oyunların təhlükəsiz şəkildə keçirilməsini təmin etməlidir. ölkənin bir sıra strukturları oyunlar zamanı təhükəsizliyin tam təmin olunacağı ilə bağlı bəyanatlar verib.
Milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyev Azərbaycan Texniki Universitetində keçirilən konfransda bildirib ki, beynəlxalq maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycanın son illərdə dinamik inkişafı, tranzit əhəmiyyətinin artması, transkontinental neft-qaz kəmərlərinin işə düşməsi, dünyada siyasi-hərbi müstəvidə cərəyan edən hadisələr, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır.
Nazir müavini deyib ki, bu gün Yaxın Şərqdə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, müxtəlif radikal meyllərin, mütəşəkkil cinayətkarlığın doğurduğu digər təhdidlərə baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf dinamikası qorunub saxlanıb: “Geniş coğrafiyanı əhatə edən bu təhlükələr ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli mühüm tədbirə – Birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir.
Erməni terror təşkilatlarının daim təhdid etdiyi Azərbaycanı bu gün transmilli, mütəşəkkil cinayətkar şəbəkələr kimi formalaşan beynəlxalq terrorçu təşkilatlar da öz hədəfinə çevirmək niyyətindədir. Buna görə də terrorçuluq kimi ümumi bəla ilə mübarizədə cəmiyyətin, xüsusilə gənclərin, tələbələrin birgə səyləri, sayıqlığı, məlumatlılığı olduqca mühüm amillərdir”.
Qeyd edək ki, Bakıda Avropa Oyunları iyunun 12-dən 28-nə qədər keçiriləcək. DİN, MTN, FHN xüsusilə bu sahədə işlərini çox intensiv və fəal qurmuş vəziyyətlərdə görünür. Bu oyunlar həm də onlar üçün sınaq olacaq.