Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Global Construction” MMC-nin baş mühəndisi Mənsur Hüseynov ifadəsində bildirib ki, şirkətin idarəçiliyində direktorlar iştirak edib.
Onun sözlərinə görə, yanan bina ilə bağlı görülən işlərə şirkətin inşaat məsələləri üzrə müdiri Toğrul Məmmədov rəhbərlik edib: "Poliuretan üzlüklər "Qlobal Stone" şirkətindən gətirilirdi. Orda üzlükləri qəlibləşdirirdilər. Təmir işlərinə ixtisaslı mühəndislər nəzarət edirdi. Eyni zamanda bizdə təhlükəsizlik məsələlərinə də ciddi şəkildə diqqət yetirilirdi".
Şahid qeyd edib ki, yanğından bir saat sonra şirkətə sabiq MTN-in əməkdaşları gəlib, yoxlama aparıblar.
Sonra prosesdə zərərçəkmiş, yanan binaya bitişik yarımtikilinin birinci mərtəbəsində yerləşən Notariat kontorun rəhbəri İlqar Məmmədov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edərək deyib ki, mayın 19-da səhər saatlarında binanın tüstüləndiyinin şahidi olub.
O, prokurorun "yanğın başlamazdan əvvəl ərazidə hansısa şübhəli şəxsi gördünüzmü?" sualına "xeyr" – deyə cavab verib.
Proses günün ikinci yarısı davam edəcək.
APA