Bu gecə Göyçay rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb. Lent.az-ın məlumatına görə, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlunun özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Bildirilir ki, 42 ildir həkim işləyən Rafael Fazilov dünən də adəti üzrə işə gəlib və axşam saatlarınadək xəstəxanada olub. Daha sonra o, şəhərin Sabir küçəsi 42 ünvanındakı mənzilinə gedib. Gecə saat 3 radələrində ailə üzvləri R.Fazilovun evdə olmadığını görüblər və onun mobil telefonuna zəng vurublar. Lakin telefona zəng çatsa da, cavab verən olmayıb. Bundan narahat olan ailə üzvləri həyətə düşüblər və bu zaman dəhşətli mənzərə ilə qarşılaşıblar.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, rayonun Qaraməryəm kəndindən olan R. Fazilov bu gün saat 13.00-da həmin kənddə dəfn olunacaq.