XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 17:37

Prokurorluqda əməliyyat müşavirəsi –Şəhər prokuroru hesabat verdi (FOTO)

eziz-seyidov-prokuror-muavinleriyle

Bakı şəhər Prokurorluğunda ötən il ərzində 578, daxili işlər orqanlarında isə 4903 cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, bunu Bakı şəhər prokuroru Əziz Seyidov 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsində deyib.

O bildirib ki, paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə hayata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib: 

"Həmçinin həmin kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub ki, bütün bunlar respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib. 

Belə ki, Nərimanov rayonunda Janna və oğlu Aleksandr Məhərrəmovların, Nəsimi rayonunda Məryəm Named-zadənin, Yasamal rayonunda Kamran Mahmudovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri, o cümlədən ötən illərdən itkin düşmüş Elnur Hümbətovun Xəzər rayonunda qəsdən öldürülməsi cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar".

Müşavirədə hesabat dövründə əldə edilən müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılaraq ötən il ərzində qəsdən adam öldürmə, quldurluq cinayətlərinin və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 9 quldurluq cinayətləri, 3 ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılmaması narahatçılıq hissi ilə qeyd edilməklə həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.

İstintaq və təhqiqat fəaliyyətində aşkar edilən nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilıb.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə bildirilmişdir ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 5 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş, 1 nəfər isə vəzifədən azad olunmuşdur.

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavini Azər Əsgərov hesabat dövründə prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin rəisi Ceyhun Qurbanov müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elçin Sultanov şəhər polis orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq və təhqiqat işinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış edərək ətraflı məlumat vermişlər.

Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.