XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2017 - 14:25

Naməlum meyitlərin sənədlərinin saxlanılma müddəti artırıldı –DİN qərarı təsdiqlədi

DİN 51

Azərbaycanda naməlum meyitlər haqqında daktiloskopik uçot sənədlərinin saxlanılma müddəti artırılıb.

Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən və bu il fevralın 28-dən qüvvəyə minən “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”da əksini tapıb.

Təlimata əsasən Azərbaycanda naməlum meyitlər haqqında daktiloskopik uçot sənədləri onların şəxsiyyəti müəyyən edilənə qədər, lakin 15 ildən çox olmamaqla saxlanılacaq. Daktiloskopik məlumat insanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatdır.

Yeni Təlimatın qəbulu ilə əlaqədar Daxili İşlər Nazirliyinin 2002-ci il 25 noyabr tarixli 439 nömrəli əmri ilə təsdiq edilmiş “Cinayət törətmiş, məhkum olunmuş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotu üzrə əməliyyat-sorğu kartotekalarının aparılması və onlara dair məlumatların verilməsi qaydaları barədə Təlimat” ləğv olunub. Həmin təlimata əsasən tanınmayan meyitlərin daktiloskopik uçot sənədləri onların şəxsiyyəti müəyyən edilənə qədər, lakin 10 ildən çox olmamaqla saxlanılmalı idi.

Qeyd edək ki, bu il fevralın 28-dən qüvvəyə minən Təlimat mərkəzləşdirilmiş əməliyyat-sorğu uçotlarının aparılması, formalaşması və onlara dair məlumatların verilməsi qaydalarını müəyyən edir. Mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar  cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş təhqiqat orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin müəyyənləşdirilməsində istifadə edilir. Əməliyyat-sorğu kartotekaları uçot obyektləri barədə tərtib olunmuş sənədlər əsasında Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində aparılır. Mərkəzləşdirilmiş uçotlar soyad və daktiloskopik uçotlardan ibarətdir.

APA