XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 18:38

“Bizim Market”in sahibi baldızını ittiham etdi –2 milyon 200 min manatlıq qalmaqal

Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim Marketlər" şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Salmanov prokuror və vəkillərin suallarını cavablandırıb.

O qeyd edib ki, bütün dələduzluqları Həcər Quliyeva həyata keçirib: "Sahib Quliyev bu işdə sadəcə istifadə olunub. Bütün məsuliyyət Həcər Quliyevanın üzərinə düşür. Mənə yalnız 800 min manat pul qaytarılıb".

O, S. Quliyevin təklifi ilə pulları etibarlı yerdə saxlamaq üçün bank hesabı açdığını deyib:

"Marketlərdə gündəlik 300-350 min manat olurdu. Aylıq dövriyyə 7-8 milyon manat təşkil edirdi. 2014-cü ilin mayında Sahib gəlib mənə dedi ki, pulları bankda bir hesab açaq və ora yatıraq. Bizə mal satan şirkətlərə pul lazım olduqca, bankdan çıxarıb ödəyək. Pulların kassada saxlanılması təhlükəli idi. Razı oldum və Sahibin adına bankda hesab açdıq. Pulu bankdan yalnız Sahib çıxara bilirdi. Sahibin hesabında 2 milyon 116 min manat pul vardı. Həcər Quliyevaya 2011-ci ildən etibarnamə verilib. Pulu buna görə Həcər Quliyeva da çıxarırmış. Bundan xəbərim olmayıb.

2015-ci ilin may ayında Sahib mənə gəlib dedi ki, işdən çıxıram. Bundan sonra mən ondan şübhələnməyə başladım. Pulun hesabdan oğurlandığı barədə əvvəllər də şübhəm vardı. Ancaq Sahib gəlib, işdən çıxacağını deyəndə bu şübhəm artdı və məsələni yoxlamağa başladım. Mən əminəm ki, bu işin başında onun anası dayanır. Məlum olub ki, pul bankdan çıxarılıb, amma xəzinə kitabına yazılmayıb. Sahib Quliyevi yanıma çağırdım, pulun harada olduğunu soruşdum. O, mənim kabinetimdə bankdan 2 milyon 200 min manat pul çıxardığını etiraf etdi".

R. Salmanov vergidən yayındığı barədə sualları da cavablandırıb. O, bunun həqiqətə uyğun olmadığını və ən böyük vergi ödəyicisi olduğunu qeyd edib: "Marketlər şəbəkəsinin müdiri başqa adamdır. Mən yalnız təsisçisiyəm".  

R. Salmanov təqsirləndirilən S. Quliyevdən şübhələndiyi gündən onu izlətdirdiyini də deyib: "Taksi sürücüsünə gündəlik 30 manat verirdim ki, Sahibi izləsin və hara getdiyi barədə mənə məlumat versin". 

Proses aprelin 18-də davam etdiriləcək. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində marketlər şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabrında Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, S.Quliyev və H. Quliyeva onun 4 milyon 116 min 300 manatını dələduzluq yolu ilə ələ keçirib. S.Quliyev və H. Quliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. 

H. Quliyeva zərərçəkmiş R. Salmanovun baldızıdır.

APA