Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə şahid qismində dindirilən keçmiş MTN əməkdaşı Rövşən Əzimov bildirib ki, Q.Ədilovu MTN-ə dəvət ediblər və A.Çovdarovun qəbuluna aparıblar: "Orada onunla qısa söhbət aparıldı və sərbəst buraxıldı. Ona təzyiq edilməyib".
Proses günün ikinci yarısında davam etdiriləcək.