XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2017 - 12:29

Məşhur milyarder Telman İsmayılovun üzərinə səkkiz cəsəd qoyulur –Təfərrüatlar

Yuri Verşov

Rosbalt.ru, 28.04.2017

 

Çerkizov bazarının (Moskva şəhəri) keçmiş sahibi Telman İsmayılov sifarişli səkkiz qətldə şübhəli bilinən cinayətkar dəstənin fəaliyyəti haqda araşdırmada fiqurant olub. Onun qardaşlarından biri – Rafiq artıq ittiham olunur, o biri – Vaqif axtarışa verilib. Telman İsmayılov haqda qruplaşmanın həbs edilmiş üzvlərindən biri ifadə verib. Cinayətlərin hamısı Moskvadakı bir sıra ticarət obyektləri uğrunda kriminal savaşla bağlıdır. Hüquq-mühafizə qurumlarındakı qaynağın “Rosbalt”a danışdığı kimi, qruplaşmanın iştirakçısı, Rafiqin “sağ əli” və İsmayılovlar ailəsinə daxil olan Harri Belotserkovski istintaqla saziş bağlayıb. O, məhkəməyə qədərki razılaşma çərçivəsində ifadə verib ki, 2000-2016-cı illərdə həyata keçirilmiş, guya qardaşların əli olduğu  səkkiz sifarişli qətl haqda məlumatı var. Əsasən, “Koptevsk” cinayətkar qruplaşmasının təmsilçiləri və onlarla əlaqəsi olan biznesmenlər qurban gedib.

Belə ki, Belotserkovskinin ifadəsinə əsasən, 2000-ci ildə Rafiqlə birlikdə  “Praqa” restoranına gəlib və burada Telman İsmayılovla söhbətin şahidi olub. Qardaşlar söhbət zamanı “Koptevsk” MCD-nin (mütəşəkkil cinayətkar dəstə-tərc.) “avtoritet”i Andrey Lobanovun (Lobanov “Alkor” QSC-nin rəsmən vitse-prezidenti sayılırdı) aradan götürülməsinin gərəkdiyi, həmçinin mümkün cinayətin detallarını müzakirə ediblər. Rafiqin iki yaraqlısı 2000-ci ilin dekabrında Dmitrovski şossesində 66 saylı binanın yanında Lobanova və cangüdəninə atəş açıb. “Avtoritet” aldığı yaradan keçinib, cangüdəni isə ağır yaralanıb.

Belotserkovskinin ifadəsinə görə, sonra 16 il ərzində bir sıra bazarlar və ticarət mərkəzləri uğrunda “savaş”ın gedişində guya qardaşların göstərişi ilə daha yeddi nəfər aradan qaldırılıb. Son cinayət 2016-cı ilin mayında Moskva ətrafında Vladimir Savkin və Yuri Brilyov güllələnərkən həyata keçirilib.

Rosbalt”ın qaynağı rəyini ifadə edib: “Qətllər haqda artıq mövcud olan işlərə ən yaxın vaxtlarda yenisi əlavə olunacaq – RF CM 210 maddəsi üzrə (cinayətkar cəmiyyətin təşkili). Rafiq İsmayılova ittiham elan olunub, göz altındadır. Uzun müddət DİN-də işləmiş Vaqif İsmayılov istintaqdan gizlənib, axtarışa verilib. Telman İsmayılova nisbətdə məsələ hazırda həll olunur. İstisna deyil kii, onu da axtarışa verəcəklər”.

Onun sözlərinə görə, Harri Belotserkovski hətta MİT-də də (müvəqqəti istintaq təcridxanası-tərc.) gücləndirilmiş mühafizə altındadır.

Qruplaşmanın cinayətini İstintaq Komitəsinin Moskva vilayəti üzrə Bİİ əməkdaşları və DİN BCAİ açmağa nail olub. Hər şey ondan başlanıb ki, 2016-cı il aprelin 16-da Novoriqa şossesinin kənarında maşında (“vnedorojnik”də) Vladimir SavkinYuri Brilyovun cəsədləri aşkarlanıb. Hər iki kişi peysərə odlu silah atəşindən ölüb. Savkin əməliyyatçılara bir zamanlar “Koptevsk” qruplaşması ilə sıx əlaqəsi olan adam kimi məlum idi. Həmçinin aydınlaşdırmaq mümkün olub ki, o, qətl günü Mehman Kərimovla – Rafiq İsmayılovun yaxın dostu ilə görüşməliymiş. Mehmanı Vaqif İsmayılovun mənzilində həbs ediblər. Bundan sonra aydınlaşıb ki, Rafiqin şəxsən özü Kərimovu cinayət yerinə maşınla gətirib və aparıb. Sonuncu da, ardınca isə qruplaşmanın daha bir sıra üzvləri həbsə düşüb. Sonra isə, ən azı, səkkiz həyatı aparmış  kiriminal savaşın təfərrüatları aydınlaşmağa başlayıb.

İsmayılovlar ailəsi 1990-cı illərin sonunda Şimal inzibati dairəsindəki (ŞİD) bir sıra gəlirli obyektlərə, xüsusən də Lianozov bazarı, Qərbi Dequnino bazarı, bir neçə ticarət mərkəzinə “göz dikib”. Qardaşların iddiası boş yerdə qurulmayıb  – onlardan biri, Fazil (soyadını İsmayılovdan İzmaylova dəyişdirib) ŞİD ilə çoxdan geniş ticarət aparırdı, 1991-ci ildən Sokol rayon idarəsində məsul vəzifələr tutub, sonra isə dairədə prefektin müavini olub. Lakin gəliri əsla bölüşmək istəməyən “Koptevsk” qruplaşması təmsilçilərinin də İsmayılovları maraqlandırmış obyektlərin çoxuna dəxli olub. “Koptevsk”in o zamankı lideri Andrey Lobanov və Çerkizov bazarı  sahibinin ailəsi arasında “avtoritet”in qətli ilə başa çatan münaqişə yaranıb. Ardınca İsmayılovların iddiaları ilə razılaşmayan digər “koptevsk”liləri və biznesmenləri də güllələyiblər. Sağ qalanlar, o cümlədən Vladimir Savkin ailə ilə tərəfdaşlığa razılaşmalı olub. İsmayılovlar hansısa bir anda bütün obyektləri satıb və sazişin şərtlərinə əsasən, gəlirin bir hissəsini öz şəriklərinə verməliydiər. Məsələn, Savkinin payı 5,5 milyon dollar təşkil edib. Amma ona bayağı şəkildə “atıblar”. Savkin ailəyə öz borcunu xatırlatmağa başlayıb, onun idddiası əsasən Rafiqə yönəlib. O, hədsiz dərəcədə təkidli olarkən məbləğin ödəniş detallarının müzakirəsi üçün görüşə dəvət olunub. Görüş vaxtı onu və tanışı Yuri Brilyovu güllələyiblər.

 

Tərcümə Strateq.az-ındır.