3 saylı İstintaq Təcridxanasında saxlanılan Rauf Sultanov Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyevi və təcridxananın baş həkimi Bəylər Əliyevi məhkəməyə verib.
Yaxınlarından birinin redaksiyamıza verdiyi məlumata görə, R.Sultanov 1-ci qrup əlil kimi ona verilməli olan dərmanları ala bilmədiyinə görə məhkəməyə üz tutub.
1 saylı İnzibati İqtisad Məhkəməsinə yolladığı iddia ərizəsində R.Sultanov 1-ci qrup əlil olduğunu və qanuna görə istintaq təcridxanasında deyil, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılmalı olduğunu yazıb. Qeyd edib ki, buna baxmayaraq, İstintaq Təcridxanasında saxlanılır və müvafiq dərmanlarla təmin olunmur.
Nazirlər Kabinetinin normativ aktına əsasən, R.Sultanov epilepsiya xəstəliyindən əziyyət çəkən şəxs kimi dərmanla təmin olunmalıdır. Amma dərmanlar ona verilmir. Yaxınları deyir ki, R.Sultanovun istifadə etdiyi “Finepsin” adlı dərmana görə hər ay 136 manat xərcləyirlər. Halbuki həmin dərmanların alışı üçün dövlət tərəfindən vəsait ayrılır. Təcridxananın baş həkimi Bəylər Əliyev R.Sultanova deyib ki, dərmanlar baş idarədən ayrılmadığından onu dərmanla təmin edə bilmirlər.
Bundan başqa, R.Sultanovun ayağında çürümə prosesi gedir. çürümənin qarşısını almaq üçün ona təcridxanada “Fulisinal” adlı maz verilib. Həmin maz isə dəriüstü yaraların müalicəsi zamanı istifadə olunur. Buna görə də R.Sultanov həmin mazdan istifadə etməyib. Onun müalicə müəssisəsinə köçürülməsi də həyata keçirilmir.
Məsələ ilə bağlı Ombudsmanlıqla əlaqə saxladıq. Qurumdan bildirdilər ki, R.Sultanovun problemi ilə maraqlanacaqlar(Musavat.com).