XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 17:20

26 yaşlı gəncin iki biləyini amansızlıqla kəsənlər… – Prokurorluq dəhşətli cinayətin təfərrüatını açdı

Baş Prokurorluq iki gün əvvəl Zaqatalada baş verən dəhşətli cinayət hadisəsinin təfərrüatı haqda məlumat yayıb.  

Strateq.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqatala rayon prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə aparıblar:

“Orada Araz Musayevə borcu olduğu üçün onu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıblar. Bundan sonra həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparıblar. Orada R.Tahirovun V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib”.  

Məlumatda qeyd olunur ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub. Cinayətin törədilməsində şübhəli bilinən R.Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.