XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 15:25

Həbsdəki rabitəçilər azadlıq istəyirlər –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxs Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittiham əsasızdır:

"Məhkəmədə görüldü ki, ittiham aktı mötəbər olmayan sübutlar əsasında qurulub. MMC tərəfindən 27 min manatlıq iş 17 min manat dəyərində qiymətləndirilib. Halbuki burda heç bir şişirdilmədən söhbət gedə bilməz. Çünki işlər tam şəkildə həyata keçirilib. Lakin istintaq tərəfi işlərin tam görülmədiyini deyir. Burdan da görünür ki, müvəkkilimə verilən ittihamlar əsasızdır. Həmçinin ittiham tərəfi guya Beytulla Hüseynovun dövlətə vurduğu ziyan kimi hesabladığı 10 milyon manatı da müvəkkilim məhkəmə dövründə tam olaraq ödəyib. Buna görə də Beytulla Hüseynov barəsində azadlıqdan məhrum olmamaqla cəza təyin etməyinizi xahiş edirəm".

Zərərçəkmiş Rabitə Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək təqsirləndirilən şəxslər barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxs A.Mustafayevin vəkili Gülşən Salmanova da çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılması tələb edib.

V.Zeynalovun vəkili Ceyhun Yusifov da müvəkkilinə bəraət verilməsini istəyib.

Prosesdə N.Məmmədovun vəkili Könül Əliyeva, Q.Bəybalayevin vəkili Elnur Əliyev çıxış edərək, müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Prosesdə vəkillərin çıxışları başa çatıb. Növbəti prosesdə təqsirləndirilən şəxslər son söz deyəcəklər.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək/Trend.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror V.Zeynalovun 14 il, B.Hüseynovun 15 il, A.Mustafayevin 8 il, Q.Bəybalayevin 10 il, E.Məmmədovla N.Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini istəyib. Prokuror digər təqsirləndirilən M.Məmmədov, C.Cəfərov, S.Hümbətov, B.Vəliyev və O.Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını və onların şərti cəza ilə azadlığa buraxılmasını istəyib. Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldilməsi təmin edilsin.

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.