XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 16:55

6 ayda paytaxtda 6094 cinayətqeydə alınıb

2017-ci ilin birinci yarısında paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 6.094 (2016-cı ildə 6.644) cinayət qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyilib.

Qeyd olunub ki, onların da 82,4%-i (5.024-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,6%-i isə (1.070-i) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə cinayətlər 3,4%, o cümlədən adam öldürməyə cəhdlər 46,2% azalıb.

Bildirilib ki, hesabat dövründə cinayətlərin 79,9%-nin (79,6%), ağır növlərinin 81,0%-nin (80,7%), qeyri-aşkar şəraitdə baş verənlərin 71,1%-nin (69,2%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 892 cinayətdən 94,9%-i (96,3%), o cümlədən qəsdən adam öldürmələrin 96,8%-i (96,7%), adam öldürməyə cəhdlərin 100%-i (100%) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,3%, qəsdən adam öldürmələr 0,1%, qəsdən sağlamlığa ağır zərər vurmalar 1,9%, mülkiyyət əleyhinə olan cinayətlər 2,4%, o cümlədən xüsusi əmlak oğurluqları 4,6%, mənzillərdən edilən oğurluqlar 3,5%, mal-qara oğurluğu 8,4%, avtonəqliyyat oğurluğu 36,7%, soyğunçuluqlar 9,2%, quldurluqlar 9,0%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2.669 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 206 bağlı cinayət açılıb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən IV İslam Həmrəyli Oyunları və “2016 Formula-1“ kimi beynəlxalq tədbirlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.

Bakı şəhər BPİ-nin rəisi Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2016-cı ilin 1-ci yarısındakı xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin paytaxtda əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Polis general-mayoru M.Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.