XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2017 - 15:01

Cəlilabad və Bərdədə 33 kiloqramdan çox narkotik vasitə ələ keçib –DİN

Daxili işlər orqanlarının əməkdaşları narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı, habelə həmin qanunsuz əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat nəticəsində qanunsuz dövriyyədən 33 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Oruc adlı İran vətəndaşından aldığını bildirib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə həyata keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayonun Kürdborakı kənd sakini Taleh Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Onun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 1 çətənə kolu, həmçinin yaşadığı evdən əlavə olaraq 13 kiloqram 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.