XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 04:39

Keçmiş hakimin məhkəməsində – qalmaqal

hesenhakim

Zərərçəkmiş icra başçısı olmaq üçün ondan 600 min pul alındığını bir daha təsdiqlədi

2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, bundan sonra 2013-cü ilə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş, hazırda isə ona verilmiş 7 illik həbs cəzasını çəkən Həsən Əliyev yenidən məhkəmə qarşısına çıxarılıb.

Dünən Gəncə Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə Həsən Əliyev, eləcə də onunla birlikdə mühakimə olunan Elman Məmmədov və Taleh Süleymanovun şikayəti üzrə məhkəmə iclası davam etdirilib. Apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılır.

Məhkəmə iclasında iş üzrə zərərçəkmiş Ramazan Səlimov ifadə verib. O, ifadəsində bir daha keçmiş hakimi ittiham edərək, onun tərəfindən aldadıldığını deyib.

“Mən Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla, iki dəfə 600 min manat pul vermişəm. Bu pulu da məndən icra başçısı təyin etdirmək adı ilə alıb…”, – deyə zərərçəkmiş bildirib.

Onun sözlərinə görə, əlində keçmiş hakimə iki dəfəyə 600 min manat pul verdiyini təsdiqləyən yazılı qəbzlər də var. Orada Həsən Əliyev öz xəttilə pul aldığını təsdiqləyib.

Zərərçəkmiş ifadə verərkən tərəflər arasında qalmaqal yaranıb. Həsən Əliyev zərərçəkmişin yalan danışdığını bildirib. Keçmiş hakim həmçinin pulun mənbəyinin, Ramazan Səlimovun həmin vəsaiti hansı yolla əldə etməsinin araşdırılmasını istəyib. Elə tərəflər arasında mübahisə də bu səbəbdən yaranıb.

Həsən Əliyevin vəkilləri cinayət işinin ibtidai istintaqa qaytarılması və onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər qaldırıblar. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə prosesi yanvarın 15-nə qədər təxirə salınıb. Növbəti məhkəmə iclasında Həsən Əliyevin ifadə verəcəyi gözlənilir.

Xatırladaq ki, Həsən Əliyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-biləÿqanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə 7 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan şəxslərdən Taleh Süleymanov da 7, Elman Məmmədov isə 8 il həbs cəzası alıb.

Iş materiallarına görə, keçmiş hakimlə Ramazan Səlimovu hər ikisinin ortaq tanışı olan Elman Məmmədov tanış edib. Digər təqsirləndirilən Taleh Süleymanova gəlincə, o, Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Ittihama görə, Ramazan Səlimov nə icra başçısı təyinatından xəbər olduğunu, nə də verdiyi pulun geri qaytarıldığını görəndə Nərimanov rayonu, 16-cı polis bölməsinə şikayət edib. Bir qədər sonra məsələ böyüyüb və prokurorluğa gedib çıxıb. Elman Məmmədov prokurorluqda işləyən tanışı Taleh Süleymanov vasitəsilə prokurorun müavini Cavid Quliyevlə görüşüb, Həsən Əliyevin Ramazan Səlimovun pulunu hissə-hissə qaytaracağını bildirib, bunun üçün ona zaman verilməsini istəyib. Iş materiallarında o da qeyd olunur ki, keçmiş hakim 600 minin bir qismini qaytarıb.

Aytən Məmmədova